Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində uşaq və gənclərin sağlamlıq hüquqları ilə bağlı tədbir keçirilib.
Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova, Liderlik məktəbinin üzvləri, valideynlər və müəllimlər iştirak ediblər.
F.Ağayev çıxış edərək, Ombudsmanın insan hüquqlarının, o cümlədən uşaq və gənclərin sağlamlıq hüquqlarının təmin olunması və müdafiəsi sahəsindəki çoxşaxəli fəaliyyəti, bu istiqamətdə silsilə maarifləndirmə tədbirlərinin keçirilməsi barədə ətraflı məlumat verib. O, insan sağlamlığı, xüsusilə də uşaqların sağlamlığının qorunması, cəmiyyətdə sağlam həyat tərzinin təşviqinə yönəlmiş maarifləndirmə tədbirlərinin genişləndirilməsi istiqamətində zəruri tədbirlərin gerçəkləşdirilməsinin vacibliyini vurğulanıb.
M.Qaraxanova Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi, fundamental prinsipləri, təmsil etdiyi qurumun fəaliyyəti, AzQAC-in region mərkəzləri və rayon bölmələri vasitəsilə respublikanın bütün bölgələrində, Cəmiyyətlə tərəfdaş müəssisə və təşkilatlarda, ali və orta təhsil məktəblərində silsilə maarifləndirici tədbirlərin mütəmadi olaraq həyata keçirildiyi barədə məlumat verib. O, habelə aprel ayında dünyada və Azərbaycanda sağlamlıqla bağlı, o cümlədən autizm, talassemiya, hemofiliya və sağlamlıq günlərinə həsr edilən tədbirlər haqqında da danışıb.
Qeyd olunub ki, artıq bir neçə ildir ki, böyük məktəbli kontingentini özündə birləşdirən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi AzQAC-la sıx əməkdaşlıq edir, Şəbəkənin üzvləri sağlamlıq, uşaq hüquqları, uşaqlara və qadınlara qarşı zorakılıq, ekologiya, erkən nikahlar və digər müxtəlif sahələr üzrə bir çox milli və beynəlxalq layihələri həyata keçirərək uğurlar qazanıblar.
Liderlik məktəbinin üzvləri qruplara bölünərək, mövzular üzrə müzakirələr edibmiş, təqdimatlarla çıxışları dinlənilib.
Qonaqlar uşaqları maraqlandıran sualları cavablandırıblar.
Tədbirin sonunda hər bir iştirakçıya müvafiq maarifləndirici bukletlər paylanılıb.
Gülnaz Qənbərli
Gununsesi.info