Mədəniyyət Nazirliyinin “görünməyən xərcləri” - ƏBÜLFƏS QARAYEVİN ƏSAS ADAMI HAKİM QARŞISINA ÇIXARILDI

  • By admin
  • 13 Avqust 2021 16:40

Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi, 6 milyon manata yaxın yeyintidə ittiham olunan Zakir Sultanov özünü qismən təqsirli bilir.
Gununsesi.info xəbər verir ki, bubarədə o, avqustun 13-də məhkəmədə ifadə verərkən bildirib.
Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovla birlikdə həbs olunub. Bu ilin mayında Rafiq Bayramovun işi məhkəməyə göndəriləndə onun işi ayrıca icraata götürüldü. Sabiq xidmət rəisinin işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə baxılır.
Avqustun 13-də məhkəmədə prokuror ittiham aktını elan edib. Orada göstərilib ki, tarixi abidələrin bərbası, mədəniyyət, incəsənət obyektlərinin təmirinə ayrılan vəsaitlərin bir hissəsi mənimsənilib. Təmir-bərpa işləri başa çatmadan layihələr artıq icra olunmuş kimi göstərilib.
İttihama münasibət bildirən sabiq xidmət rəisi özünü qismən təqsirli bilib. Hakim yadına salıb ki, o, istintaqda özünü tam təqsirli bilmişdi. Zakir Sultanov cavab verib ki, istintaqda da qismən təqsirli bilib, ola bilsin, yanlış anlaşılma olub.
Daha sonra məhkəmədə ifadə verən Zakir Sultanov ayrı-ayrı mənimsəmə epizodları üzrə danışıb. Masallı Rayon Mədəniyyət Evinin təmiri üçün 2.4 milyon manat ayrılması və həmin məbləğin 300 min manatını nağdlaşdırıb özünə götürməsinə toxunan sabiq xidmət rəisi deyir ki, bu məbləğin hamısı özünə çatmayıb. Onun sözlərinə görə, 300 min manatın müəyyən hissəsi ona qalıb. Əsas məbləğ isə tikintidə üzdə görünməyən xərclərə sərf edilib. “Görünməyən xərclər” dedikdə isə o, abadlıq işləri, parkların salınması və s. məsələləri nəzərdə tutduğunu bildirib.
Lənkəranda tarixi abidənin bərpası üçün ayrılan 1.4 milyon manatın 200 min manatının mənimsənildiyi iddia olunur.
Binəqədi rayonunda, Rəsulzadə qəsəbəsində yerləşən musiqi məktəbinin, Müslüm Maqomayev adına musiqi məktəbinin, Maştağa qəsəbəsindəki mədəniyyət mərkəzinin təmiri üçün ayrılan vəsaitlərin bir qisminin mənimsənilməsi də ittiham aktında qeyd olunub.
Sabiq xidmət rəhbəri dövlət orqanlarıyla aralarındakı qeyri-rəsmi razılaşmadan danışaraq bildirib ki, belə layihələrə razılıq almaq üçün rüsum ödəmək lazım idi. Bu səbəbdən də layihələrdə qiymətlər şişirdilirdi. Şişirtmələr sayəsində əldə olunan vəsait də layihəni qazanmaqdan ötrü verilirdi.
Bundan başqa, Maştağa qəsəbəsindəki Mədəniyyət Mərkəzinin abadlaşdırılması zamanı layihə başa çatmadığı halda, işin tam görüldüyü aktlaşdırılıb. Zakir Sultanov bunu belə izah edib ki, il başa çatana yaxın Maliyyə Nazirliyindən xəbərdarlıq gəlmişdi, ayrılan vəsaitlərin hesabatı tələb olunurdu: “Əgər həmin işin görülüb başa çatdırıldığını göstərməsəydik, növbəti ildə Maliyyə Nazirliyi pul ayırmayacaqdı”.
Məlum olub ki, Milli İncəsənət Muzeyinin təmiri üçün ayrılan vəsaitdən də mənimsənilib.
Məhkəmə prosesi davam edir.
Zakir Sultanov CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Gununsesi.info