Məhəbbət Vəliyeva 20 nömrəli məktəb-liseyin direktoruna TÖHMƏT VERDİ

  • By admin
  • 04 Aprel 2018 12:16

Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova işgüzar qaydalara və pedaqoji etikaya riayət etməyərək “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub.

Gununsesi.info xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) apa-ya verilən məlumata görə, bununla bağlı 20 nömrəli məktəb-liseydə müvafiq araşdırma aparılıb.  Araşdırma nəticəsində təhsil müəssisəsində məktəb-valideyn-müəllim münasibətlərinə nəzarətin zəif təşkil edildiyi, bir sıra istiqamətlərdə zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülmədiyi müəyyənləşib.

Bütün bunları nəzərə alaraq, BŞTİ-nin müdiri Məhəbbət Vəliyevanın 3 aprel tarixli əmrinə əsasən, 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib.

Məktəb direktoruna nöqsanların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və bu barədə BŞTİ-yə məlumat verilməsi tapşırılıb.

Gununsesi.info