“Məhəmməd Əmin Rəsulzadə” cildinin təqdimatı olub

  • By admin
  • 11 Oktyabr 2016 11:55

mehemmed_emin_rasulzadeh

Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə” cildinin təqdimatı olub.

Gununsesi.info-nun xəbərinə görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə tərtib edilərək nəşrə hazırlanan kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr” adlı birinci cildi artıq işıq üzü görüb.

“Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq nəşr edilən kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri M.Ə.Rəsulzadənin mühacirət dövrü yaradıcılığı yer alıb.

Tədbirdə çıxış edən İ.Həbibbəyli ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin yazdığı elmi-publisist əsərləri “milli düşüncə ilə elmi-siyasi qavrayışın sintezi əsasında yazılmış mükəmməl ədəbiyyatşünaslıq nümunələri” kimi yüksək dəyərləndirib. O, həmçinin 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli Azərbaycan bayrağının rəsmi olaraq dövlət rəmzi kimi qəbul edilməsinə müvəffəq olmasını, eləcə də Prezident İlham Əliyevin təşəbbüsü ilə qurulan möhtəşəm Bayraq meydanını Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” həqiqətinin yeni tarixi epoxadakı isbatı kimi qeyd edib.

Digər çıxış edənlər konfransın əhəmiyyətini vurğulayıb, Azərbaycan mühacirət ədəbiyyatının ideya mahiyyətindən, yaradıcılıq prinsiplərindən danışıblar.

Kitabın tərtibçiləri və nəşrə hazırlayanlar N.Cabbarlı və filologiya elmləri doktoru, professor Şamil Vəliyevdir.

Hazırda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası”ndan Ceyhun bəy Hacıbəylinin külliyyatı çapa hazırlanır.

Gülnaz Qənbərli

Gununsesi.info