Məhkəmədə Nərminin qətli ilə bağlı YENİ İDDİALAR – Atası qonşu kəndə getdi

  • By admin
  • 25 Noyabr 2021 16:38

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə Nərmin Quliyevanın əmisi oğlu Qorxmaz Quliyev ifadə verib.

Qorxmaz Quliyev bildirib ki, özü Gəncədə yaşayır.

Onun sözlərinə görə, başqa bir əmisi qızının toyuna görə kəndə gəlib və Lətif adlı əmisinin evində qalıb: “Hadisə günü də Nərmin günorta saat 14.00-da qapı qonşu olan Arif əmimin evinə gəldi, atasının göndərdiyi gödəkçəni təhvil verdi. Oradan Lətif əmimgilə keçdi, başqa bir gödəkçəni istədi. Atası onu geyinib, həmin gün toyaxşamına getməli idi. Nərmin gələndə evdə olan nənəm də, əmim Lətif də yatmışdı. Qapının ağzında dayandı. Əmim oğlu Ayxanla sinif yoldaşı idi. Ayxandan soruşdu ki, niyə dərsə gəlməmişdin? Ayxan həmin gün yatıb qalmışdı. Ayxan hamamdan gödəkçəni götürüb, ona verdi. Nərmin gödəkçəni qoymaq üçün torba verməyimizi gözləmədən getdi”.

Qorxmaz Quliyevin sözlərinə görə, təxminən 1 saat sonra Nərminin böyük bacısı Şəbnəm gəlib və bacısının evə qayıtmadığını deyib. Onun bildirdiyinə görə, Nərminin əmisigildə olmadığına əmin olandan sonra gedib.

Uşaqdan xəbər çıxmasa da, axşam saat 18.00-da Nərminin atası Şərif Quliyev qardaşıgilə gəlib.

Bütün qohumlar toplaşıb, qonşu kəndə “ciyəraxşamına” gediblər.

Vəkillər axşam uşağın atasının əynində gödəkçənin olub-olmadığı ilə maraqlanıb.

Qorxmaz Quliyev deyib ki, həmin gün Şərif əmisinin nə geyindiyinə fikir verməyib.

Vəkillər bildirib ki, bu şahidin məhkəmədə dedikləri ilə istintaqa ifadəsi arasında kəskin ziddiyyətlər var. Ona görə də həmin ifadə elan olunmalı, Qorxmaz Quliyev fərqli ifadə verməsinin səbəblərinə aydınlıq gətirməlidir.

Növbəti proses noyabrın 30-da davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Gununsesi.info