Məhsulunu ixrac edən sahibkarlara vergi güzəştləri tətbiq edilə bilər - SAMİRƏ MUSAYEVA

  • By admin
  • 15 Noyabr 2017 14:18

Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda ixrac yönümlü məhsulların istehsalı fəaliyyəti ilə məşğul olan ixracatçılara vergi güzəştləri tətbiq edilə bilər.

Gununsesi.info xəbər verir ki, Vergilər Nazirliyində «Azərbaycan Respublikasının milli iqtisadiyyatının perspektivləri üzrə Strateji Yol Xəritəsi»nin Tədbirlər Planı çərçivəsində keçirilən iclasda qurumun vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, müəyyən edilmiş şərtlər daxilində özəlləşdirilən dövlət müəssisələrinin əmlak vergisi üzrə  növbəti üç il ərzində vergi güzəştlərinin tətbiqi ilə əlaqədar mexanizmlər də hazırlanıb.  

S.Musayeva bildirib ki, ölkənin sosial-iqtisadi siyasəti nəzərə alınmaqla vergi güzəştlərinin və azadolmalarının monitorinqini aparmaq, onların səmərəliliyini müəyyən etmək, vergi qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihə də hazırlanıb. Sabit vergi məbləği haqqında qəbzin əhatə dairəsinin genişləndirilməsi, eləcə də hüquqi şəxslərin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi,  məlumat dəyişikliyi prosedurunun sadələşdirilməsi kimi məsələlər nəzərdə tutulub. .

«Strateji yol xəritələrində müəyyən edilmiş tədbirlərin icrası məqsədilə kiçik və orta sahibkarlıq subyektlərinin üzləşdiyi problemlərlə yaxından tanış olmaq, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərini müzakirə etmək üçün görüşlər keçirilib»-S.Musayev qeyd edib.

Tədbirdə qeyd olunub ki, indiyədək «Səfirlik və digər əhəmiyyətli dövlət və qeyri-dövlət saytlarında yerləşdiriləcək nümunəvi məlumat forması»nın hazırlanması üçün işlər görülüb. Vergilər Nazirliyinin və ölkəmizin xarici ölkələrdəki səfirlik, daimi nümayəndəlik və konsulluqlarının rəsmi internet səhifələrində Azərbaycan və ingilis dillərində «Azərbaycan Respublikasında xarici investisiyalar üçün əlverişli vergi mühiti» başlığı altında materiallar  yerləşdirilib. Pərakəndə ticarət və ictimai-iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən malların təqdim edilməsi üzrə nağdsız əməliyyatlara vergi güzəştlərinin  tətbiqi mexanizmi və vergi ödəyicilərində keçirilmiş vergi nəzarəti tədbirləri nəticəsində onlara hesablanmış vergi və maliyyə sanksiyalarının ödəmə müddətindən tez ödənilməsinə görə maliyyə sanksiyaları üzrə güzəştlərin tətbiq edilməsi mexanizmi işlənib hazırlanıb.

Vüsalə

Gununsesi.info