Məişət zorakılığına məruz qalanlar və qanunlar - ARAŞDIRMA

  • Müəllif: admin
  • 28 Avqust 2017 18:35

1480080149_doymekqadini

Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizənin aparılması dünyanın müxtəlif cəmiyyətlərində olduqca mürəkkəb problemdir. Səbəb məişət zorakılığı və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyət üçün təhlükəli olmasıdır. Məhz buna görə də, məişət zorakılığı probleminin həlli tam planlı yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.

Son zamanlar Azərbaycanda da məişət zorakılığı halları ilə bağlı cinayətlərin sayı durmadan artır. Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması ürəkaçan fakt deyil. Rəsmilər bu sahədə cinayətlərin azaldığını iddia etsələr də, az qala hər gün mətbuatda bu yönlü xəbərlər daha çox oxunanlar sırasındadır. KİV də ailədaxili münaqişələr, yaxud məişət zorakılığı ilə bağlı ölüm hadisələri, intiharlar barədə həyəcan doğuran məlumatlar yayır. Ailə-məişət zorakılığı ilə bağlı məlumatlar diqqət çəkən kriminal xəbərlərin əksəriyyətini təşkil edir. Eyni zamanda, boşanmaların sayında da yüksək artım müşahidə olunur ki, bunun da əsas səbəblərindən biri kimi, məhz məişət zorakılığı halları göstərilir.

Zorakılıqlardan bezdim

Gununsesi.info-ya müraciət edən ixtisasca həkim olan Sevinc Kərimovanın sözlərinə görə, valideynlərinin təzyiqi ilə sevmədiyi Kənanla hələ tələbəykən ailə qurub. Ailəni möhkəmlətməyə nə qədər səy göstərsə də, əksinə, qarşı tərəfin ona qarşı münasibəti dəyişib. Tələbəlik illərindən işləyib ailəyə yardım edib. Qızları doğulandan sonra da bu münasibət yaxşılığa doğru dəyişməyib. Xasiyyətcə tənbəl olan Kənanın xərcləri də daim S.Kərimovanın üzərində olub. Ölkənin tanınmış həkimləri sırasında adıçəkilən S.Kərimova ailəsinin sözünü kənara çıxarmamaq üçün aldığı fiziki və mənəvi təzyiqlər barədə hüquq-mühafizə orqanlarına müraciət etməyib: “Qızımız böyüyüb, lakin yenə də onun yanında olmazın təhqirlərə məruz qalırdım. Üz-gözümdə, boyun-boğazımda qalan qançırları gizlətmək üçün nələrdən istifadə etmirdim ki, xəstələrim məni elə vəziyyətdə görməsin. Sonuncu dəfə isə bizi döyüb evdən çıxardı. Uzun müddət valideynlərimin yanında qaldıq.  Zorakılıqlardan bezdim və geri qayıtmamağı qərara aldım. Geri qayıtmadığımızı görən Kənan haqqımda şər-böhtan xarakterli məlumatlar yaymağa başladı. Çarəm kəsildi, hüquqlarımı qorunması üçün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə və hüquq-mühafizə orqanlarına müraciət etdim. Boşanmaq üçün məhkəməyə müraciət etdim. İşgəncələrə məruz qalan bütün qadınlara demək istəyirəm ki, zorakılıqlara boyun əyməyin, vaxtında hüquq-mühafizə orqanlarına və ya qadın hüquqlarıyla bağlı fəaliyyət göstərən QHT-lərə müraciət edin”.

897 məişət zorakılığı ilə bağlı cinayət hadisəsi qeydə alınıb

Məişət zorakılığı ilə bağlı məlumat bankına daxil olan məlumatların təhlilinə görə, ötən il yarım ərzində Azərbaycanda məişət zorakılığına məruz qalan insanların 85,5 faizi qadınlar, 14,5 faizi kişilər olub. Gununsesi.info-nun araşdırması nəticəsində məlum olub ki, Azərbaycanda 2016-cı ildə 897 məişət zorakılığı ilə bağlı cinayət hadisəsi qeydə alınıb. Bunun nəticəsində 791 qadın, 4 yetkinlik yaşına çatmayan şəxs zərər çəkib, 29 qadın isə öldürülüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova qeyd edib ki, 2016-cı ildə Azərbaycanda 4114 münaqişəli ailə qeydiyyata götürülüb. Onun sözlərinə görə, həmin ailələrlə profilaktik iş aparılmalıdır.

Şöbə müdirinin sözlərinə görə, münaqişəli ailələr ölkənin bütün regionlarında olsa da, onlar Bakıda daha çox üstünlük təşkil edirlər: “Məişət zorakılığından əziyyət çəkənlər dövlət qurumlarına adətən, gec müraciət edirlər. Bu da onunla bağlıdır ki, səbr etməyə üstünlük verirlər. Vəziyyət ağırlaşanda, qarşı tərəf ağır zorakılıq hallarına keçəndən sonra dövlət qurumlarına müraciət edilir. Yəni müraciətlər o vaxt olur ki, artıq ailəni qorumaq, həmin şəxslərin bir yerdə yaşaması mümkün olmur”.

images (1)

Məişət zorakılığı cinayətləri sürətlə artır

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, bu zorakılıq ailə üzvləri tərəfindən də  törədilə bilər – kişi qadına, qadın kişiyə qarşı və s. ola bilər. Fiziki zorakılıq isə daha çox kişilər tərəfindən qadınlara qarşı törədilir: “Azərbaycanda fiziki zorakılığa məruz qalanlar arasında 25-34 yaşlı kişilərin sayı çox azdır. Bu yaşda olan kişilər əsasən psixoloji zorakılığa məruz qalanlardır. Eyni zamanda, zorakılığa məruz qalan əksər insanlar dövlət orqanlarına müraciət edəndə bəzi məsələlərin bağlı qalmasını istəyirlər.

Son zamanlar Azərbaycanda məişət zorakılığı halları ilə bağlı cinayətlərin sayında sürətli artım müşahidə edilir. Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması daha çox narahatlıq yaradır. Demək olar ki, hər həftə KİV ailədaxili münaqişələr, yaxud məişət zorakılığı ilə bağlı ölüm hadisələri, intiharlar barədə həyacan doğuran məlumatlar yayır. Ailə-məişət zorakılığı ilə bağlı məlumatlar diqqət çəkən kriminal xəbərlərin əksəriyyətini təşkil edir. Eyni zamanda, boşanmaların sayında da yüksək artım müşahidə olunur ki, bunun da əsas səbəblərindən biri kimi, məhz məişət zorakılığı halları göstərilir. Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biridir. 2016-cı ildə 163 məişət zorakılığı qurbanı təşkilata müraciət edib”.

M.Zeynalova qeyd edib ki, daha çox xəyanət və iqtisad zorakılıq, o cümlədən fiziki zorakılıq faktları ilə cəmiyyətə müraciətlər daxil olur.

“Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti”nin sədri Novella Cəfəroğlu isə qeyd edib ki, son zamanlar məişət zorakılığı ilə bağlı şikayətlərin və müraciətlərin sayı artmaqdadır. N.Cəfəroğlunun sözlərinə görə, boşanma ilə bağlı müraciətlərdə əsasən döyülmə faktları daha çox olur. Hətta uşaqları almaq məqsədilə qadınlara şər və böhtan da atırlar: “Məişət şəraitində qadın və uşaqlara qarşı zorakılıq ilk növbədə insan hüquqlarının təminatına təhlükə yaradır. Cəmiyyətdə yaranmış vəziyyətdən, fərdin iqtisadi imkanından, onun sosial statusundan asılı olmayaraq, dövlət öz pozitiv öhdəliyinə görə hər bir insanın konstitusiya hüquqlarının qorunması üçün imkanlar yaratmalıdır. Məişət zorakılığının qarşısının alınması insanların, xüsusən qurbana çevrilən qadınların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Məişət zorakılığı cəmiyyətinin əsaslarına ciddi zərbə vurur. Bundan ümumilikdə cəmiyyətin gələcəyi asılıdır. Beynəlxalq ictimaiyyət artıq bu problemin əhəmiyyətini dərk edib”.

Ayrı-ayrı rayonlardan daxil olan statistikalar reallığı əks etdirmir 

images

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə Azərbaycan ailəsinin dövlətin qayğısı ilə tam əhatə olunduğunu bildirib. O, qeyd edib ki, şəxsiyyətin formalaşmasında sosial mühit böyük rol oynayır. A.Naxçıvanlının sözlərinə görə, qadınlara qarşı törədilən cinayətlərin statistikasının aparılması təkmilləşdirilməlidir: “Ayrı-ayrı rayonlardan daxil olan statistikalar reallığı əks etdirmir.  Hər il Milli Məclisdə insan alveri ilə bağlı hesabat dinlənilir. Lakin başqa-başqa qurumların hesabatlarına baxanda məlum olur ki, rəqəmlər bir-birinə uyğun gəlmir.Ona görə də baza təkminləşdirilməlidir ki, statistika dəqiq olsun”.

Sosioloqlar isə hesab edirlər ki, son illərdə məişət zorakılığının müxtəlif cinayət əməllərinin törədilməsi ilə nəticələnir. Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, məişət zorakılığı özünü öldürmə, özünü öldürmə həddinə çatdırma, zorlama və cinsi zəmində törədilən digər cinayətlərin, habelə qadını nikaha daxil olmağa məcbur etmə kimi cinayətlərin baş verməsi ilə nəticələnir: “Bu sahədə müəyyən beynəlxalq hüquqi sənədlər də mövcudur. Buna misal olaraq, Avropa Şurası çərçivəsində qəbul olunmuş “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında” 2011-ci il İstanbul Konvensiyasını göstərmək olar. Beynəlxalq məhkəmə mexanizmlərinin, xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində məişət zorakılığına toxunan işlərə baxılmasına rast gəlmək də mümkündür bu bəladan qurtulmanın ən asan yolu maarifləndirmə işlərinin gücləndirilməsidir”.

“Arvad da ərindən şikayət edərmi?”

Sosioloq Əhməd Mansurovun sözlərinə görə isə, məişət zorakılığı hallarının baş vermə səbəbləri müxtəlifdir: “Məişət zorakılığı insanların yaxınlarına qarşı etdiyi zorakılıq hallarıdır. Təəssüflə qeyd etməliyəm ki, son dövrlərdə bu hallar tez-tez baş verir. Ailədaxili münaqişələrin, qadınların öldürülməsi, uşaqların öldürürlməsi və döyülməsi, intihar həddinə çatdırma və s. bu kimi hallar məişət zorakılığı hesab edilir”. Sosioloq hesab edir ki, məişət zorakılığı hallarının və bu zəmində baş verən cinayət hadisələrinin səbəbləri müxtəlifdir. Cinayət hadisələrinin motivlərinə nəzər salanda çox zaman səbəb kimi qısqanclıq, valideyn etinasızlığı, sosial-iqtisadi problemlər diqqəti çəkir. Bəs bunun qarşısını almaq mümkündürmü?

Ə.Mansurov hesab edir ki, bu, mümkün deyil: “Məişət zorakılığı halları inkişaf etmiş cəmiyyətlərdə belə baş verir. Məişət zorakılığının qarşısını almaq mümkün olmasa da, fəsadlarının qarşısının alınması üçün müəyyən sənədlər nəzərdə tutulub. Bura Mühafizə Orderi də daxildir. Məişət zorakılığı ilə qarşılaşan insanların 90 faizi utandığı üçün hüquq-mühafizə orqanlarına müraciət etməkdən boyun qaçırır. İnsanlar “camaat nə deyər?”, “arvad da ərindən şikayət edərmi?”, “filankəsi oğlu döydü”, “filankəsi qızı vurdu”, “Qızımızı alan, oğlumuza qız verən olmaz” kimi söz-söhbəti eşitməmək üçün qarşılaşdıqları zorakılıq hallarını gizlətməyə çalışırlar. Zorakılıq halları cinayətlə nəticələndiyi zaman isə artıq gec olur. Məişət zorakılığının artmasına səbəb stereotiplərdir. Uşaqların, qadınların öldürülməsi, döyülməsi, yaşlılara qarşı zorakılıq hallarının psixoloji səbəbləri də var. Yəni ağlı başında olan, psixoloji problemi olmayan insan heç vaxt zorakılığa yol verməz”.

Valideynlər övladlarını sevgi ilə böyütməyə çalışmalıdır

Psixoloq  Narınc Rüstəmova isə bildirib ki, məişət zorakılığı zəminində baş verən ağır cinayətlərin əsas səbəblərindən biri psixoloji problemin olmasıdır: “Ata oğlunun başına altı çəkic zərbəsi vurub. Bunu ağlı başında olan insan edə bilməz. Yaxud, kişi öz həyat yoldaşının başını kəsir. Ümumiyyətlə, psixoloji problemi olmayan insanlar zorakılığa yol verməzlər. Bu insanların psixoloji durumunu nəzərdən keçirəndə onların bəzən affekt vəziyyətdə olduğunu görürük. Affekt vəziyyətinə düşən hər bir insan istəmədən belə amansız cinayətlər edə bilər”.

Psixoloqun sözlərinə görə, affekt vəziyyətinə çox zaman uşaqlıqdan psixoloji zərbə almış insanlar düşə bilər: “Valideyn qayğısından məhrum, sevgisiz, əzilərək böyüyən insanlar sonradan qəddar cinayətkara çevrilə bilərlər. Buna görə də valideynlər övladlarını sevgi ilə böyütməyə çalışmalıdır. Mən demirəm bütün cinayətlərin arxasında psixoloji problemlər durur, bəzən cinayət düşünülmüş, öncədən planlaşdırılmış da ola bilər. Amma əksər cinayətlərdə psixoloji problemlər əsas səbəbdir”.

Hüquqşünas Samirə Ağayevanın sözlərinə görə, məişət zorakılığı fiziki, psixi, cinsi zorakılığı, eləcə də iqtisadi xarakterli qanunsuz məhdudiyyətləri əhatə edir. Bu müddəa “Məişət zorakılığının qarşısının alınması haqqında” 22 iyun 2010-cu il Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbindən irəli gəlir: “Məişət zorakılığı deyəndə çox zaman insanlar qadına qarşı zorakılığı başa düşür. Bu, tamamilə səhv fikirdir. Çünki digər ailə üzvləri, xüsusilə uşaqlar, habelə yaxın qohumluq münasibətlərində olan, yaxud birgə yaşayan və ya əvvəllər birgə yaşamış şəxslər də məişət zorakılığına məruz qala bilərlər. Məhz, bu baxımdan, sözügedən qanunun 4-cü maddəsi həmin şəxslərin dairəsini müəyyən edib. Belə ki, yaxın qohum olan ailə üzvləri (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlar, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvad, qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslər, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslər, qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın, habelə onlarla birgə yaşayan yaxın qohumlara qarşı edilən zorakılıq halları da məişət zorakılığı hesab edilir”.

Məişət zorakılığına qarşı qanunlar

S.Ağayeva qeyd edib ki, Ailə Məcəlləsinin 64-cü maddəsinə uyğun olaraq, valideynlik hüquqlarından məhrumetmə üçün əsaslardan biri də məhz, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlərin edilməsidir.

Məişət zorakılığı ilə bağlı baş verən hüquqpozmalara gəldikdə isə bununla bağlı müvafiq məhrumiyyət tədbirləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində təsbit olunur. Cinayət Məcəlləsində bununla bağlı xüsusi normanın olmamasına baxmayaraq, məişət zorakılığı ilə müşayiət olunan cinayətlər Məcəllənin müxtəlif maddələri üzrə tövsif oluna bilər. Məsələn, qəsdən adamöldürmə (maddə 120); qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adamöldürmə (maddə 122); zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adamöldürmə (maddə 123); ehtiyatsızlıqla adamöldürmə (maddə 124); özünü öldürmə həddinə çatdırma (maddə 125); qəsdən sağlamlığa ağır zərər vurma (maddə 126); qəsdən sağlamlığa az ağır zərər vurma (maddə 127); qəsdən sağlamlığa yüngül zərər vurma (maddə 128); qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma (maddə 129); ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma (maddə 131); əzab vermə (maddə 133); öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (maddə 134); qanunsuz azadlıqdan məhrumetmə (maddə 145); zorlama (maddə 149); seksual xarakterli zorakılıq hərəkətləri (maddə 150); seksual xarakterli hərəkətlərə məcburetmə (maddə 151); on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (maddə 152); əxlaqsız hərəkətlər (maddə 153); bərabərlik hüququnu pozma (maddə 154); qadını nikaha daxil olmağa məcbur etmə (maddə 176-1) və s.

Hüquqşünas hesab edir ki, qeyd olunan cinayətlərin hər biri müvafiq maddələrin sanksiyasına uyğun olaraq öz-özlüyündə səciyyəvi cəzaların tətbiqini şərtləndirir: “İnzibati Xətalar Məcəlləsi isə məişət zorakılığı ilə bağlı törədilən hüquq pozuntuları sağlamlıq əleyhinə olan inzibati xətalar kimi nəzərdə tutur. Belə ki, Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması iki aspektdən qiymətləndirilir. Birinci halda, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi və məişət zəminində psixi zorakılığa görə inzibati tənbeh tədbirləri nəzərdə tutulub. Belə ki, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə görə 100 manatdan 300 manatadək, məişət zəminində psixi zorakılığa görə isə 300 manatdan 500 manatadək məbləğində müəyyən edilib. İkinci hal isə məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməyə görə nəzərdə tutulan 35 manatdan 50 manatadək cərimənin təsbit olunması ilə bağlıdır.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 300 manatdan 500 manatadək inzibati cərimə və ya 2 ayadək inzibati həbs nəzərdə tutulub. Bir şərtlə ki, baş verən döyülmə faktı  sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla nəticələnməsin. Çünki bu hal artıq cinayət əməli kimi tövsif olunmalıdır”.

Araşdırma zamanı məlum oldu ki, zorakılıq hallarının artma səbəblərindən biri də müasir texnologiyaların inkişafı, mətbuatın və telekanallardan maarifləndirmə işinə az yer ayırmasıdır. Baxmayaraq ki, hər il bu məqsədlə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır.

Gülnaz Qənbərli

Gununsesi.info