Məktəbi “bitirən”, amma imtahanlardan 2 alan on minlərlə şagird: KİMDİR GÜNAHKAR?

  • By admin
  • 19 Aprel 2022 14:33

Orta məktəbi bitirən şagirdlərin buraxılış imtahanlarındakı göstəriciləri ildən-ilə daha da aşağı düşür. Builki buraxılış imtahanlarında 92673 nəfərdən təxminən 23650 nəfər 0-50 bal arası nəticə göstərib. Ötən illərə baxdıqda bu, çox aşağı nəticədir. Abituriyentlərin qəbul imtahanlarında bu qədər aşağı nəticə göstərməsi gələcək üçün narahat olmağa əsas yaradır. 

Bəs, görəsən abituriyentlərin belə aşağı bal yığmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı Publika.az-a danışan sabiq təhsil naziri Firudin Cəlilov qeyd edib ki, tələbələrin aşağı bal yığmasının səbəbi orta məktəblərdə keçilən dərsin bərbad vəziyyətdə olmasıdır: “Sanki orta məktəb dərslikləri şagirdləri biliklə yox, tapmacalarla öyrətmək məqsədi daşıyır. Proqramlara baxanda insan az qalır dəli olsun. Əvvəl tələbələr ali məktəblərdə “Orxon” əlifbası haqqında bilik öyrənirdik. İndi isə birinci sinfin dərsliyində bu kimi məlumatlar yer alır. Günümüzdə 3-cü və 4-cü siniflərin dərs proqaramında 8-10-cu sinfin dərsləri yer alır. Bu cür proqaramlar hazırlamaq təbii ki, belə nəticələr yaratmalı idi. 1-ci sinif şagirdinə o qədər məlumat tədris edilir ki, tapşırıqların içində başını itirir. Belə yüklənən abituriyentlərin arasından yalnız 2-3 nəfər çıxa bilər və onların da xüsusi istedadları olmalıdır. Yəni tələbələrin buraxılış imtahanlarında aşağı nəticə göstərməsi pedaqoqların və dərslikləri hazırlayanların günahıdır”.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov söyləyib ki, abituriyentlərin buraxılış imtahanında bu qədər aşağı nəticə göstərməsi xeyli düşündürücüdür: “Biz imtahanda iştirak edən bütün tələbələrdən yüksək nəticə gözləyə bilmərik, amma bu qədər aşağı bal yığmaqlarını da gözləməli deyilik. Hər dörd nəfərdən biri belə nəticə əldə edirsə, burada ciddi problemlər var. Ümumiyyətlə, sonuncu imtahanla bağlı xeyli narahatedici məqamlar mövcuddur. İmtahan suallarının qiymətləndirilməsi ilə bağlı xeyli narazılıqlar var. İndi məlum olur ki, sualları hazırlayanlar heç də peşəkar insanlar deyil. Ümumilikdə mart ayında imtahanların keçirilməsi vətəndaşlarda sual yaranmasına səbəb olub. Doğrudur, açıqlama verildi ki, imtahanda düşən suallar mart ayına qədər keçilən mövzuları əhatə edəcək. Ancaq belə addımların atılması sonda tələbələrin aşağı nəticə əldə etmələrinə gətirib çıxardı. Bu istiqamətdə aidiyyəti qurumlar düşünüb, xüsusi tədbirlər görməlidirlər. Çünki bu nəticələrdən belə çıxır ki, imtahanda iştirak edənlərin iyirmi faizi elementar biliklərə sahibdir”.

Ekspert vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar dünya standartlarına yaxınlaşmalıdır: “Dünyada beynəlxalq imtahan prosedurları var, yəni adı çəkilən qurum bu istiqamətdə addımlar atmalıdır. Hər kəs istəyir ki, şagirdlərimiz savadlı olsun. Amma bu qədər aşağı nəticə onu göstərir ki, bizim məktəblərimizdə xeyli çatışmazlıq var. Bu məsələnin həlli üçün Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi bir araya gəlib həll yolu tapmalıdırlar. Əslində belə nəticələri hər il görürük, ancaq bu haqda araşdırılma heç aparılmır. Hansısa bir şəxs 11 il məktəbə gedir və sonda onun topladığı bal 0-50 arasındadır. Bu o deməkdir ki, həmin insan məktəbə boş-boşuna gedib. Ola bilər ki, bəziləri həyəcanlanaraq aşağı nəticə yığsın, ancaq təhsil müəsisələri şagirdlərin özünü ələ almağı öyrətməlidir. Əsas problemlərdən biri də imtahanı keçirən ilə təhsil verən qurumların tamamilə ayrı olmasıdır. Burdan belə nəticə çıxır ki, təhsil verən qurum öz nəticəsinə ölçmək qabiliyyətinə malik deyil. Qısaca imtahanlarda əldə olunan nəticələrə görə cəmiyyət içində narazılıqlar olması normaldır. Ancaq bu məsələlər üzərində ciddi araşdırmalar aparılıb, həll olunması yolunda addımlar atılmalıdır”.

Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nəzirzadə qeyd edib ki, nəticələr ürəkaçan olmasa da gözlənilən idi: “İnsanlar arasında sovet dövründən qalma bir mif yaşanır ki, “bütün abituriyentlər yüksək də olmasa, orta ballarla məktəbi bitirməlidir”, halbuki kifayət qədər zəif və savadsız məzunlar elə həmin dövrdə də var idi. Sadəcə bu bu boşluğu peşə məktəbləri və yetərli sayda fəaliyyət göstərən istehsal müəssisələri doldururdu”.

O, vurğulayıb ki, bazar iqtisadiyyatı keçid təhsil sisteminə də təsirsiz ötüşməyib: “Məktəblərin verdiyi bilik və bacarıqlar ali təhsil hüququnu qazanmaq üçün yetərli deyil. Əlavə dərslərə və repititorlara tələbat var. Məktəb müəllimlərinin çoxu paralel repititorluqla məşğul olduğu üçün və bu sahə daha çox gəlir gətirdiyindən məktəblərdə dərsin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Pandemiya müddətində keçirilən keyfiyyətsiz onlayn dərslərin də bugünki imtahan nəticələrində “rolu” az deyil . Orta və yüksək bal toplayanlar repititorlarla hazırlaşan abituriyentlərdir. Məktəb proqramı çətin, əlavə test bankları isə bahadır. Maddi vəziyyəti aşağı olan ailələr tədricən keyfiyyətli təhsildən uzaq düşür. Dövlət peşə məktəblərinin sayını artırmalı və məktəblərdə peşəyönümlü təhsilin təbliğatını artırmalıdır. Cəmiyyətə savadlı işsizlər toplusundan daha çox peşəkar işçilər lazımdır”.

Gununsesi.info