“Seçki günü siyahıda mənim adımdan sonra, 20 ildir Bakının Binəqədi rayonunda yaşayan qardaşım Lalayev Kamalın və onun keçmiş arvadı – seçkidən əvvəl ölmüş Lalayeva Gülnarın adlarını gördüm. Gülnar ölüb, yoxdur bu dünyada”.
Gununsesiaz.info xəbər verir ki, bu sözləri Qazax rayonunda yaşayan seçici Xanlar Lalayev BBC News Azərbaycancaya deyir.
Azərbaycanda fevralın 9-da keçirilmiş erkən parlament seçkiləri zamanı 107 saylı Qazax seçki dairəsinin 1 saylı seçki məntəqəsində Xanlar Lalayevin “ölüb, ölüb, gedək qəbirdaşını göstərim” deyə qardaşının həyat yoldaşından bəhs edərək onun adının seçici siyahısında olmasına etiraz edərkən naməlum şəxs tərəfindən çəkilmiş videosu sosial şəbəkələrdə yayılıb.
Videoda müşahidə olunur ki, seçici, qardaşının keçmiş həyat yoldaşı, bir müddət öncə dünyasını dəyişmiş Gülnar Lalayevanın adının seçici siyahısında olmasına etiraz edir. Məntəqə Seçki Komissiyasının üzvü isə ona cavabında: “həmin xanım sənin üçün ölüb, bizim üçün ölməyib” deyir.
Yerli medianın yazdığına görə, Xanlar Lalayevin etirazına Mərkəzi Seçki Komissiyasından gələn reaksiya “öldüyü deyilən qadının görüntülərini araşdıraraq, bir neçə mənbədən təsdiqləmişik ki, həmin qadın həyatdadır” olub.
Ancaq Mərkəzi Seçki Komissiyası BBC-nin bu barədə sualını cavablandırmayıb.
Daş Salahlı bələdiyyəsindən BBC News Azərbaycancaya bildiriblər ki, “Gülnar Lalayeva yanvarın 26-da vəfat edib. Yanvarın 27-də isə onu gətirib Daş Salahlı kənd qəbiristanlığında dəfn ediblər”.
Gülnar “3 ildir boşanıb, 40-50 gündür ölüb”
Qazağın 107 saylı seçki dairəsinin 1 saylı məntəqəsində qardaşının “3 ildir boşanmış, 40-50 gündür” ölmüş arvadının adına rast gələn Xanlar Lalayev etiraz etməyə başladığını deyir.
O bildirir ki, 2019-cu ilin noyabr ayında “adamlar qapı-qapı düşüb evləri sayanda indiki həyat yoldaşını, 19 yaşlı oğlunu və özünü qeydiyyata alıblar ki, siz 3 nəfər səsvermədə iştirak edəcəksiniz”.
“…Ancaq 3 nəfərdən oğlumla yoldaşıma bildiriş kağızı gəlmədi, bir mənə gəldi. Seçki günü də getdim öz ad-soyadımı tapanda gördüm ki, yazılıb Lalayev Kamran, altında yazılıb Lalayev Kamal. Kamal qardaşımdır və 20 ildir Bakıda yaşayır. Onun altından da Lalayeva Gülnar yazılmışdı. Gülnar da ölənin adıdır. Özü də Gülnar qardaşımdan 3 il bundan əvvəl boşanıb. Məntəqədə dedim ki, axı, mən bildiriş kağızını geri qaytardım, siz onun adını niyə silməyibsiniz siyahıdan? Ölmüş adamın adını siyahıya niyə salırsınız, axı? Bu vaxt yan tərəfdən mənə “o, səndən ötrü ölüb, bizdən ötrü ölməyib” deyəndə, beynim çöndü ki, necə yəni ee, ölüb bu adam. Torpağa basdırıblar. Ölüyə necə diri demək olar?!”
Daş Salahlı kəndinin sakinləri BBC News Azərbaycancaya Xanlar lalayevin qardaşının keçmiş arvadı – Lalayeva Gülnar Namaz qızının seçkidən bir müddət əvvəl öldüyünü təsdiqləyiblər.
Kənd bələdiyyəsindən BBC News Azərbaycancaya bildiriblər ki, “Gülnar Lalayeva yanvarın 26-da vəfat edib. Yanvarın 27-də isə Daş Salahlı kənd qəbiristanlığında dəfn olunub”.
Qeyd edək ki, “Real” Partiyasının sədri İlqar Məmmədov belə buna inanmışdı. İlqar Mmmədovun həmin statusunu sizə təqdim edirik:
“Komik kimi görünən “ölüff-ölmüyüff” videosunda ictimai rəy növbəti dəfə yanıldı. Sözü gedən adam həqiqətən sağ imiş. Ərini atıb getmişdir deyə, əri onu seçki komissiyasında ölmüş elan edirdi. Çox təəssüf ki, seçici siyahılarının yanlışlığı kimi gerçək bir problemi işıqlandırmaqdan ötrü bu qədər yersiz bir təsadüfi hal nümunə kimi ictimai fikirə təklif olundu.
Xatırladaq ki, MSK-dan Bəxşeyiş Əsgərov ictimai məsələ ilə bağlı APA-ya bu cür açıqlama verilmişdi:
“Həmin videogörüntüdə bir şəxsin emosional şəkildə “o ölüb, adını niyə salmısınız” deməsi MSK-nı maraqlandırıb: “Ona görə də MSK bu məsələni araşdırmalı idi. Araşdırma zamanı məlum oldu ki, vətəndaş Xanlar Lalayevin həyat yoldaşı ondan ayrılıb, Xanlar Lalayev də sonradan başqa bir xanımla ailə qurub. Xanlar Lalayev fevralın 9-da məntəqə seçki komissiyasında səs verərkən seçici siyahısında keçmiş həyat yoldaşının da adını görüb, əsəbiləşib və onun öldüyünü söyləyib. Bu da istər-istəməz gördüyümüz videgörüntü şəklində yayımlanıb. Araşdırma zamanı Xanlar Lalayevin ayrıldığı həyat yoldaşının rəhmətə getmədiyi üzə çıxdı. Çünki biz həm polis, həm də ədliyyə orqanlarından müvafiq arayışlar əldə etdik. Bundan başqa, bilavasitə Lalayevlərin qonşusu olan məntəqə seçki komissiyasının üzvlərindən əldə etdiyimiz izahatlara görə Xanlar Lalayev həmin gün ölmüş adam kimi keçmiş həyat yoldaşını nəzərdə tutub. Sonradan isə Xanlar Lalayev bu uğursuz ifadəsi ilə əlaqədar cəmiyyətin qınağından qurtarmaq üçün yeni varianta ələ atır. Mətbuata açıqlamasında bildirib ki, guya ölmüş dedikdə qardaşının rəhmətə gedən keçmiş həyat yoldaşını nəzərdə tutub”.B. Əsgərov nəzərə çatdırıb ki, X. Lalayev hər dəfə danışdıqca növbəti səhvə yol verir: “Məsələn, deyir ki, qardaşının rəhmətə gedən keçmiş həyat yoldaşının qırxı təzə çıxıb. Bizim əldə etdiyimiz məlumata görə isə, Xanlar Lalayevin qardaşının keçmiş həyat yoldaşı həqiqətən rəhmətə gedib. Ancaq o, bu il yanvarın 27-də dünyasını dəyişib, qırxı hələ mart ayında olacaq. Bundan başqa, Xanlar Lalayevin guya ölmüş adamın adına bildiriş gəlməsinə etiraz etməsinə gəlincə, bildirişlər seçkilərə xeyli müddət qalmış paylanır. Bu halda yanvarın 27-də vəfat etmiş şəxsə bildiriş də verilə bilməzdi. Digər tərəfdən, bildiriş gəlsəydi belə, bu da başa düşülən olardı. Çünki seçici siyahılarının dəqiqləşməsi seçkilərə 25 gün qalmış başa çatır və 25 gündən sonra seçici siyahılarının dəqiqləşdirilməsi aparılmır. Həm də məntəqə, dairə seçki komissiyaları yalnız rəsmi dövlət orqanlarından məlumat daxil olduqda seçici siyahılarına dəyişiklik edə bilərlər. Amma şəxsin dilə gətirdiyi bu uğursuz ifadədən sonra özünü təmizə çıxarmaq üçün dəfələrlə bu şəkildə müxtəlif media orqanlarına verdiyi müsahibələrdə bir-birinə zidd ifadələr işlətməsi təbii ki, xoşagələn hal deyil. Şəxsin həyat dramını ümumi işin ziyanına yönəltməsi doğru deyil. Yeri gəlmişkən, videogörüntüdə Xanlar Lalayev əlini uzadaraq onu da deyir ki, əgər elədirsə, niyə təzə arvadının adını seçici siyahısına salmısınız. Məsələ bundadır ki, Xanlar Lalayevin keçmiş həyat yoldaşı hələ də onun ünvanında qeydiyyatdadır və əgər başqa müraciətlər yoxdursa, seçici siyahıları tərtib olunarkən qeydiyyat ünvanları üzrə aparılır. Ona görə də Xanlar Lalayevin keçmiş həyat yoldaşının adı seçici siyahısında həmin ünvanda əks olunub”.
B. Əsgərov vurğulayıb ki, MSK-da aparılan araşdırma zamanı hansısa ifadələrə, kiminsə haradasa nəsə deməsinə deyil, rəsmi dövlət sənədlərinə, rəsmi izahatlara əsaslanırlar: “Hərtərəfli araşdırma aparılmadan heç zaman MSK adından iddia edilən şəxsin ölmədiyi barədə məsuliyyət tələb edən bəyanat verilməzdi. Hərtərəfli araşdırma zamanı məlum olanda ki, həmin videogörüntüdə Qazax rayonu Nəriman Nərimanov qəsəbəsinin sakini Xanlar Lalayev ölmüş dedikdə, keçmiş həyat yoldaşını nəzərdə tutub, bu araşdırmanın nəticəsi MSK-nın ötən iclasında açıqlandı”.












