
Rejissor İlham Yaşaroğlunun lentə aldığı “Hozu” filminin qala gecəsi baş tutub.
Gununsesi.info-nun muztv-yə istinadən verdiyi məlumata görə, Nizami Kino Mərkəzində reallaşan premyerada məşhur simalar da iştirak edib.
Gecədə filmin aktyor və yaradıcı heyəti jurnalistlərin qarşısına keçərək film haqqında açıqlama verib. Baş rollarını aktyor Məcid Hüseynov və müğənni Natavan Həbibinin paylaşdığı ekran əsərində əməkdar artist Elza Seyidcahan da rol alıb.
Aktyor Məcid Hüseynov filmlə bağlı fikirlərini bizimlə bölüşüb: “Bu filmə hər kəs ailəsi ilə baxa bilər. 70 dəqiqəlik filmdir, hər kəsin əylənəcəyinə ümid edirəm. Film üçün dişimi yontdurmuşam. Çünki qrimlə yaxşı effekt verilməyəcəkdi. Film çəkildikdən sonra gedib özümə yeni diş qoydurdum. Hər kəs deyir ki, “Natavan xamınımın kaprizləri var”, amma onunla heç bir çətinlik yaranmadı”.
Əməkdar artist Elza Seyidcahan isə Azərbaycan istehsalı olan filmdə rol aldığı üçün şad olduğunu deyib: “Filmin ssenarisi ilə məni tanış etdilər, tərədüdlü idim, istəmirdim çəkilim. Mən çəkilməsəydim, o obraz olmayacaqdı. Düşünürdüm ki, filmin soundtrekini də mən yazacam. Amma elə olmadı”.
Ekran əsərinin baş rol ifaçılarından olan Natavan Həbibi ilk dəfə filmə çəkilmədiyini söyləyib: “İlk dəfə 1990-cı ildə İzzət Bağırovla filmə çəkilmişəm. Onda çox gənc idim. Bu gün isə fərqlidir, düşünürəm ki, bu işi bacardım. Gecə səhərə kimi çəkilişlər olurdu. Müğənni olduğum üçün buna öyrəşmişəm”.
Gununsesi.info










