Mal-qara oğurlayan dəstə saxlanıldı

  • By admin
  • 09 İyul 2020 13:48

Göygöl və Samux rayonlarında mal-qara oğurlanıb.

Gununsesi.org bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl və Samux Rayon Polis Şöbələrinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonunun Yeni Zod kəndində yaşayan Səfiyəddin Vəliyevə məxsus, ümumi dəyəri 1 000 manat olan iki baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Samux rayon sakinləri – 33 yaşlı Elman Rüstəmov, 26 yaşlı Nemət Dərgahov, 30 yaşlı Tural Süleymanov və 28 yaşlı Elvin Məmmədov saxlanılıblar.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, vətəndaşa məxsus heyvanları satmaq məqsədilə oğurladıqlarını bildiriblər.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı müəyyən olub ki, Elvin Məmmədov və Tural Süleymanov cari ilin may ayının 12-də həmyerliləri – 24 yaşlı Əli Mehdizadə və 34 yaşlı Tural Qədimovla birlikdə Samux rayonunun sakini M.Mehbalıyevaya qarşı soyğunçuluq cinayətini də törədiblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.org