“Manaf kasıb olsaydı, bu qədər söyülməzdi…” - SEYMUR VERDİZADƏ

  • By admin
  • 19 Fevral 2022 15:43

Manaf Ağayev Füzuliyə icazəsiz getməməliydi. Təkcə ona görə yox ki, qanunları çeynəyib, cəmiyyətə pis nümunə olub. Bu ölkədə qanunları çeynəyən o qədər adam var ki… 

Manaf məlum səfəri ilə həyatını təhlükə qarşısında qoyub. Əgər Füzulidə onun başına bir iş gəlsəydi, qohum-qardaşı, sevənləri indi yas tutardu. Qarabağa icazəsiz səfər edərkən minaya düşən o qədər adam var ki! Ermənilərin basdırdığı minalar o qədər günahsız azərbaycanlının çırağını söndürüb ki.

Bəxt həmişə adamın üzünə gülmür…

On beş sutkanın ikisi getdi. “İçəridə” əlindən xəta çıxmasa, cəzasının üstünə cəza gəlməsə, Manaf Ağayev 13 gün sonra ailəsinə qovuşacaq. Allah bütün məhbusların qapısını açsın!

Qarabağlı olduğum üçün mən özüm də qohum-qardaşıma, həmyerlilərimə işğaldan azad olunmuş ərazilərimizə icazəsiz səfər etməmək üçün dəfələrlə minnətçi düşmüşəm. KİV-ə bu mövzuda ən azı 15 açıqlama vermişəm. Qarabağa turist kimi 1-2 saatlığa yox, qarabağlı kimi ömürlük getmək lazımdır. Bunun üçün də sağ qalmaq lazımdır!

İki gündür səssizcə Manafla bağlı müzakirələri izləyirəm. Əksəriyyət “od püskürür”. Söyüşün biri iki qəpikdir. Qarğış edən, nifrin yağdıranların sayı-hesabı yoxdur. Bu məzmunda rəylərə tez-tez rast gəlmək mümkündür: “Onun çoxlu pulu, bahalı maşınları var. Yaxşı edib tutublar”.

Başa düşürəm, Manaf ayrı-ayrı hərəkətləri ilə özünə qarşı mənfi münasibət formalaşdırıb. Kiminsə üzünə bozarıb, idmançıların hesabına bir başqasını “sındırıb”, üzr istətdirib. Bəzən yersiz ifadə işlədib. Azərbaycan kimi əhalinin yarısından çoxunun ətin rəngini unutduğu ölkələrdə bu cür davranışlar qüsurludur, kütləni hiddətləndirir. Diqqətli olmaq lazımdır!

Manaf Ağayevin kasıb adam olmadığını mən də bilirəm. Amma onu da bilirəm ki, Manaf ömrü boyu vəzifədə işləməyib. Nəinki nazir, nazir müavini, heç “JEK” müdiri də olmayıb. Manafın əli heç vaxt büdcə vəsaitinə çatmayıb. Dövlətdən 1 qara qəpik oğurlamaq imkanı olmayıb. O, sizin, bizim kimi adamların hesabına varlanıb. Heç kimə yalvarmayıb ki, onu oğlunun, qızının toyuna aparsın. Əksinə, camaat ona yalvarıb ki, oğlunun, qızının toyunda oxusun…

Bəs, bu kin-küdurət, bu aqressiya nəyə lazımdır? Varlı olmaq nə vaxtdan suç olub? Hamı acından ölməlidir?

Mən Azərbaycanda kasıbların deyil, varıların sayının çox olmasını arzulayıram. Başa düşürəm, hamı zəngin ola, yağ-bal içində üzə bilməz. Amma hamının ocağında qazanı qaynamalıdır. İnsanlar əti, yağı televiziya ekranlarında deyil, evlərindəki soyuducuda görməlidir. Əgər görə bilmirlərsə, bu, Manaf Ağayevin təqsiri deyil. Onun tək təqsiri işğaldan azad olunmuş ərazilərə icazəsiz səfər etməsidir. Buna görə də qanun onu cəzalandırıb.

Amma gərək qanun da ikiüzlü olmasın, hamıya eyni münasibəti göstərsin…

Seymur Verdizadə

Gununsesi.info