“Mehman Əliyevin həqiqi düşmənləri onun həbsdə qalmasında maraqlı idilər” - MUSA QULİYEV

  • Müəllif: admin
  • 12 Sentyabr 2017 16:00

59b1073692108_mehman

Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında barəsində 3 aylıq həbs qətimkan tədribi seçilən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz edildi. Mehman Əliyev barəsində belə bir qərarın verilməsi Azərbaycan cəmiyyətində ciddi rezonansa səbəb oldu və ölkə başçısının bu humanist addımı hamı tərəfindən təqdir edildi. Buna baxmayaraq, bəzi dairələr Azərbaycan prezidentinin Mehman Əliyev barəsində verdiyi qərardan heç də sevinmədi. Əksinə, bu qərarı kölgə altına almaq istiqamətində fikirlərini sosial media vasitəsi ilə yaymağa başladılar.

Belə ki, bu qüvvələr Mehman Əliyev barəsində qərarın ABŞ-ın və digər Qərb ölkələrinin, beynəlxalq təşkilatların təzyiqi nəticəsində seçildiyini dilə gətirməyə başladılar. Bü qüvvələrin fikrincə, Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsində əsas rolu ABŞ Konqresində Azərbaycan rəhbərliyinə qarşı sanksiyaların tətbiqi ilə bağlı məsələnin gündəmə gətirilməsi olub. Guya Konqresdə səslənən fikirlərdən ehtiyatlanan Azərbaycan hökuməti məcburiyyət qarşısında belə addım atmalı olub.

Gununsesi.info “Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsində ABŞ Konqresində Azərbaycana qarşı sanksiyaların gündəmə gəlməsinin rolu olubmu?” suali ilə deputat və QHT rəhbərlərinə müraciət edib.

Beləliklə, belə bir təzyiqin cəfəng olduğunu dilə gətirən Mili Məclisin deputatı Musa Quliyev Gununsesi.info-ya açıqlamasında deyib ki, əslində bu fikirləri səsləndirənlər ilk növbədə Mehman Əliyevin düşmənləridir. “İndi Mehman Əliyev bilsin ki, onun həqiqi düşmənləri kimlərdir. Hansı ki, onun azad olmasını istəmirdilər. Əksinə onlar Mehman Əliyevin həbsdə qalmasında maraqlı idilər. Onun nəinki istintaq bitənədək, hətta məhkəmədən sonra da cəza alaraq həbsdə qalmasını istəyirdilər”- deyə, M.Quliyev vurğulayıb.

M.Quliyev əlavə edib ki, əslində bu adamlar Mehman Əliyevin həbsdə qalmasını əllərində bayraq edib müxtəlif dairələr qarşısında divedent, siyasi və maddi kapital əldə etməyə çalışırdılar: “Biz bunu təkcə Mehman Əliyev məsələsində deyil, bundan öncə də şahidi olmuşuq. Ancaq Azərbaycan hüquqi və demokratik ölkədir və öz yolu ilə irəliyə doğru gedir. Kiminsə çığır-bağır salmasının heç bir mənası yoxdur. Çünki artıq dünyaya da Azərbaycan prezidenti İlham Əliyevin humanist addımları, cəsarəti, siyasi dünya görüşü və təfəkkürü bəllidir. Ölkə başçısı bunu öz fəaliyyəti ilə sübut edib. Dövlət başçısı İlham Əliyev verdiyi qərarlarla sübut edib ki, Azərbaycan müstəqil dövlətdir və verdiyi qərarlara kimlərsə təsir edə bilməz. Sadəcə ölkə başçısı Azərbaycandakı reallığa uyğun olaraq addımlar atıb, qərarlar qəbul edib. Məhz belə qərarların nəticəsində, verilən əfv sərəncamları və amnistiya aktları nəticəsində on minlərlə məhbus cəzasını tam çəkmədən azadlığına və yaxınlarına qovuşub. Bunlar hamısı ölkə başçısının humanist addımları və  bu istiqamətdəki siyasəti, fəaliyyəti nəticəsində mümkün olub”.

M.Quliyev onu da deyib ki, yoxsa kimsə Amerikada çığır-bağır etdi və ya Fransada kimsə nəsə danışdı, yaxud da Azərbaycan daxilində hansısa “siyasətçi” stəkanda fırtına qoparıb, bəyanat verdi, bunlarn heç birinin Azərbaycan prezidentinin qəbul etdiyi qərarlara təsiri yoxdur: “Necə deyərlər, bunlar havaya deyilən sözlərdir. Bir misal var, yel qayadan heç nə aparmır”.

Mehman Əliyevin azadlığa çıxmasını təqdir edən deputat bildirib ki, bu ölkə başçısının növbəti humanist addımı nəticəsində mümkün olub. “Biz M.Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini təqdir edirik. Azərbaycanda yetərincə tanınan bir şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini hansı mövqedə olmasından asılı olmayaraq, hamımız təqdir etməli və buna sevinməliyik. Lakin kimlərsə buna sevinməyib hansısa don geyindirməyə çalışırsa, bu, bir daha onların vicdanının ləkəli olmasından xəbər verir”- deyə, M.Quliyev bildirib.

QHT rəhbəri Niyaməddin Orduxanlı isə Gununsesi.info-ya açıqlamasında deyib ki, səslənən bu fikirlər cəfəngiyatdır: “Əslində bu, bəzi qüvvələrin Mehman Əliyevin həbsdə qalması üçün hökumətə qarşı şantajıdır. Onlar Mehman Əliyevin azadlığa çıxamasında maraqlı deyillər”.

N.Orduxanlı Azərbaycan prezidentinin hansısa ölkə və ya beynəlxalq təşkilatının fikri ilə belə bir qərar verməsinə inanmadığını deyərək,  səslənən bu fikirləri Mehman Əliyevin ziyanına işləyən hərəkət kimi dəyərləndirib: “Hesab etmirəm ki, ölkə başçısı hansısa sanksiya məsələsinin gündəmə gəlməsi ilə belə bir addım atsın. Çünki Azərbaycan prezidenti öz fəaliyyəti ilə uzun illərdir sübut edib ki, hasısa dövlət, beynəlxalq təşkilat təzyiq və təhdid yolu ilə hansısa məsələdə bizə diqtə edə bilməz”.

O əlavə edib ki, QHT sektoru, ziyalılar, ölkənin tanınmış simaları, siyasilər, o cümlədən təmsil olunduğu BAXCP lideri Qüdrət Həsənquliyev ilk gündən Mehman Əliyevin həbsdən azad olunması təklifi ilə çıxış edib. Onun fikrincə, belə fikri dövriyəyə buraxanlar əslində Azərbaycanla xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında münasibəti korlamağa çalışırlar və onların hərəkəti buna xidmət edir. “Odur ki, bütün bunlar məqsədyönlü olaraq ortaya atılıb. Sözün doğrusu, bu adamlar ölkədə siyasi məhbus adı altında nə qədər çox insan həbsdə olsa sevinirlər. Çünki onların dolanışığı bundan çıxır. Yəni siyasi məhbus adı altında qrant alır və pul qazanırlar. O baxımdan bu insanlar Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsindən sevinmirlər. Ona görə də belə çirkin kampaniya aparırlar”-  deyə, N.Orduxanlı bildirib.

Mürtəza

Gununsesi.info