Mehman Hüseynov jurnalistlər qarşısında kövrəlməsindən yazdı - ÇÖRƏK VERDİYİM POLİSLƏR...

  • By admin
  • 11 Yanvar 2017 15:26

mehman

İki gün saxlanılan və ailəsinə yeri barədə məlumat verilməyən gənc blogger Mehman Hüseynovun məhkəmdən çıxarkən media nümayəndələri qarşısında kövrəlməsi diqqətdən yayınmayıb. Hətta sosial şəbəkələrdə cəsarətli bir gəncin gözlərinin yaşarmasına inanmayanlar da olub.

Gununsesi.info bildirir ki, Mehman Hüseynov özü facebook səhifəsində kövrəlməsi barədə qeydlər yazıb.

Onun fikirlərini təqdim edirik:

Dünən məhkəmədə mən ağladım. Bəli ağladım, ona görə yox ki, məni tutub işgəncə veriblər, məni dəfələrlə tutmuşdular, işgəncə də vermişdilər, dözürdük. Dözürəm çünki, bu yola çıxanda mən gözə almışdım başıma nələr gələcək bu ölkədə. Dünən mən ölkənin düşdüyü vəziyyətə ağladım, vətəndaşların, polislərin düşdüyü acınacaqlı durumu görüb ağladım.

Məni məhkəməyə polislər gətirib, onlar məni maşında görəndə şoka düşmüşdülər, çünki təsəvvür etmirdilər ki,bütün günü internetdə gördükləri Mehmanı haçansa məhkəməyə aparacaqlar. Biz məhkəmədə 4 saata yaxın bir olmuşduq. Mənə valideynlərim, dostlarım yemək göndərmişdilər. Mən özümə sığıştırmadım o yeməyi tək yeyim. Yanımda isə polis nəfərləri durmuşdular, onlar çox yorğun görünürdülər. Ona görə yemək payımı o polislər arasında böldüm, özüm ac qalsam da olar amma, 4 saatdı yanımda duran yorğun polislər mənim üçün daha vacib idi. Onlarla xoş munasibət qurdum. Hər bir polis öz dərdini mənə danışırdı. Hamısı bir sözlə deyirdilər ki, Mehman bil ki, biz sadə polislər səni izləyirik, dəstəkləyirik. Bəli, ölkədə pis polislər də var, amma biz onlardan deyilik, biz bacardığımız qədər vətəndaşlara kömək edirik. Aldığımız 500 manat ailəni dolandırmaq üçün bəs eləmir. Biz burda sənin yanındayıq, heç bilmirik səni niyə bura gətiriblər, amma biz, indi burda gördüyün polislər hamımız ailəliyik və fikirləşirik ki axşam balaca uşağıma pampersi, iqruşkanı hansı pul ilə alacam. Düz 4 saatdı mən həmin polislər ilə ünsiyyətdə oldum. Mənə gələn sovqatları onlarla bölüşürdüm.

Və nəhayət məhkəmə başlayır. Bir müddət keçir hakim güya məni gecə həbs edən polisləri zala dəvət edir. Qapılar açılır və mən həmin o bayaq yanımda olan polisləri görürəm. Elə o an mən ağladım. Məhkəməyə daxil olub, mənim üzümə durdular. Polis saxta ifadəni verə verə çox utanırdı, mənim üzümə baxa bilmirdi. Ona baxıb gözümün önünə ölkədəki acınacaqlı durum gəlmişdi. Görün bu sistem insanları 5-10 manat pul qazanmaq üçün hansı mundar yollara əl atmağa məcbur edir. O polis bir neçə dəqiqə əvvəl mənə demişdi ki, ay Mehman biz bilmirik axşam uşağımıza pampersi necə, hansı pul ilə alacayıq. Vaxt keçir o polis üzümə durur, üzümə durur ki, o aylıq aldığı 500 manat maaş ona çatsın, ailəsini dolandırsın. Mən onun üzünə dedim, dedim ki mən sənin yerində olsaydım, mənə 1 tikə çörək verən adamın məcbur da olsa heç vaxt üzünə durmazdım, işdən çıxardım, amma bu vicdansızlığa əl atmazdım. Polis bu sözlərdən sonra özü də ağladı, məhkəmədə bunu hamı gördü, axırda isə mənə, başa düş 500 manata görə mən məcbur oldum bunu edim deyib, utanaraq məhkəmədən çıxdı…..

Bax mən o səhnəni canlı görə görə dözmədim.

Gununsesi.info