Millət vəkili : “Konstitusiyaya dəyişikliklərlə bağlı fikirlərimi bildirməkdən ehtiyatlanıram…”

  • By admin
  • 25 İyul 2016 10:15

Kamran (1)

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi ilə bağlı fikirlərimi bildirməkdən bir az ehtiyatlanıram, çünki Referenduma çıxarılan məsələlərə dair Konstitusiya Məhkəməsinin rəyi hələ verilməyib, Referendumun təyin edilməsi haqqında qərar qəbul olunmayıb”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Kamran Bayramov deyib.

“Məlum olduğu kimi, istənilən sivil cəmiyyətdə yeni ictimai münasibətlər yarandıqda həmin münasibətləri tənzimləyən hüquqi normalar yaradılır. Bununla əlaqədar istənilən dövlətdə onun ictimai həyatında dəyişikliklərdən irəli gələn hüquq normalarının daimi təkmilləşdirilməsi prosesi baş verir. Burada ölkəmiz istisna deyil, əksinə Azərbaycan Respublikasının XXI əsrdə inkişaf templəri, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və bütün sahələri əhatə edən islahatlar qanunvericiliyimizin daim təkmilləşdirilməsini, onun hazırkı vəziyyətə uyğunlaşdırılmasını zəruri edib”-deyən millət vəkilinin sözlərinə, buna baxmayaraq istənilən dövlətin hüquq sistemində onun nisbi sabitliyini təmin edən normativ akt vardır, bu da dövlətin Əsas Qanunudur, Konstitusiyadır.

O, deyib ki, bu onunla əlaqələndirilir ki, Əsas Qanunun normaları hüquqi münasibətlərin bütün iştirakçılarının davranışının əsas qaydalarını müəyyən edir və həmin normalar dəyişiklərə ən az məruz qalan normalardır.

Millət vəkilinin dediyinə görə, eyni zamanda, Əsas Qanunun müddəalarının tələsik, konyuktur formada dəyişdirilməsini qarşısını almaq məqsədilə konstitusion normalar yüksək hüquqi müdafiə ilə təmin olunur.

“Lakin, Konstitusiyaya dəyişikliklərin edilməsi, onun köhnə müddəlarının müasir normalarla əvəz edilməsi zərurəti gec-tez yaranır. Bu təbii prosesdir və buna obyektiv və düzgün yanaşmaq lazımdır.

İstənilən demokratik dövlətdə referendum siyasi və ideoloji baxımdan o halda səmərəli ola bilər ki, əhali tərəfindən vacib demokratik institut kimi düzgün qəbul edilmiş və dəstəklənmiş olsun, ictimai rəy isə yanlış sosial dəyərlərlə çaşdırılmamış olsun.

Azərbaycan Respublikasının siyasi-hüquqi və iqtisadi sistemində həyata keçirilən islahatların dərinliyi və miqyası dəyişikliklərə əhalinin geniş təbəqələrinin cəlb edilməsini şərtləndirir. Müasir dövlətçiliyin formalaşdırılması prosesində birbaşa xalq hakimiyyəti institutlarına, o cümlədən ümumxalq səsverməsinə, yəni referenduma xüsusi yer ayrılır. Bu baxımdan, xalq hakimiyyətinin müxtəlif formalarının geniş tətbiq edilməsi müasir dövlətin idarə edilməsinin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynaya bilər.

Referendumda iştirak etmək hüququ vətəndaşlara ictimai və dövlət həyatından irəli gələn məsələlərin həllində birbaşa iştirak etmək və cəmiyyətin inkişafına təsir göstərmək imkanlarını yaradır. Azərbaycan Respublikası vətəndaşlarının ümumxalq səsverməsində iştirak etmək hüququ dövlətimizin demokratik quruluş əsaslarının söykəndiyi fundamental konstitusion dəyərlərin ifadəsi kimi qiymətləndirilməlidir.

Hesab edirəm ki, cəmiyyətimiz qanunvericiliyimizin daha da təkmilləşdirilməsinə, bununla da dövlətimizin gələcək inkişafı, xalqımızın hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün daha əlverişli şəraitin yaradılmasına hazırdır və müfaviq qərar qəbul olunarsa, vətəndaşlarımız düzgün seçim edəcəklər”- deyə, o, sözlərinə əlavə edib.

Gununsesi.info