
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında iclasında “Büdcə sistemi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə edilərək qəbul edilib.
Gununsesi.info xəbər verir ki, məsələ barədə məlumat verən parlamentin iqtisadi siyaət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, dəyişkliyin əsas məqsədi büdcədən ayrılan maliyyə vəsaitlərinin xərclənməsinə nəzarəti həyata keçirməkdir.
O əlavə edib ki, sənəd fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir, makroiqtisadi sabitliyin, eləcə də maliyyə və borc intizamının təmin edilməsi üçün çərçivə formalaşdırır.
Dəyişikliyə əsasən büdcə qaydasına uyğun icmal büdcənin xərclərinin yuxarı həddi də hesablanacaq.
Dəyişikliyə əsasən, növbəti büdcə ili üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin cari ilin müvafiq göstəricisindən az olması hədəflənir. Həmin nisbət göstəricisi car ilin müvafiq göstəricisindən az olmadıqda, icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi növbəti il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin hədəf göstəricisinə uyğun azaldılır.
Bundan başqa, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin ortamüddətli dövr üzrə hədəfləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Həmçinin, büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddi hesablanarkən dövlət borcu, dövlət müəssisələrinin borcları (dövlət zəmanəti ilə belə zəmanət olmadan alınan borclar da daxil olmaqla) alınır və onun əsasında dövlətin və dövlət müəssisələrinin ortamüddətli dövrdə borcalma üzrə artım və məhdudlaşdırma hədəfləri müəyyən edilir.
Qanun layihəsində qeyd olunub ki, bu qanunun 23.3-1-ci maddəsinə əsasən büdcə qaydasının tətbiqinin dayandırılması icmal büdcənin xərcləri icmal büdcə xərclərinin yuxarı həddindən artıq olarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icmal büdcə xərclərinin ortamüddətli dövrdə büdcə qaydası üzrə hesablanan yuxarı həddə çatdırılması üzrə təkliflərini bu qanunun 11.16-cı maddəsinə müəyyən olunan qaydada növbəti ilin büdcə zərfi daxilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanına (quruma) təqdim edir.
Qeyd edək ki, təklif olunan dəyişikliyə əsasən büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Mürtəza












