Milli Məclis Dünya Azərbaycanlılarının V Qurultayını belə QİYMƏTLƏNDİRDİ

  • By admin
  • 27 Aprel 2022 12:20

Milli Məclisin fevralın 26-da keçirilən plenar iclasında Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V qurultayı haqqında müsbət məqamlar qeyd edilib, bu məsələdə Diaspor Komitəsinin fəaliyyəti təqdir olunub.
“Qalib dövlətin başçısı bəyan etdi: “Biz faşizmi məhv etdik””.
Gununsesi.info-nun xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Zəfər Qurultayı ölkəmizin və xalqımızın həyatında çox mühüm bir hadisədir:

“Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dünya azərbaycanlılarının 5-ci qurultayı keçirilib. Hesab edirəm ki, qurultayın 44 günlük Vətən müharibəsinin son döyüşlərinin  baş verdiyi bu şəhərdə keçirilməsinin və “Zəfər qurultayı” adı daşımasının dərin rəmzi mənası var. Qurultay Azərbaycan Respublikasının Cənubi Qafqazın lider dövləti olduğunu, Azərbaycan xalqının öz sözünü qəbul etdirə bilən mütəşəkkil bir qüvvə kimi formalaşdığını və daim öz dövlətini dəstəklədiyini nümayiş etdirdi.

Bu gün Azərbaycan bölgənin geosiyasi və geoiqtisadi mənzərəsini müəyyən edən güc mərkəzi kimi dünyanın diqqətini özünə cəlb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurultayda geniş və dərin məzmunlu nitq söyləyib. Deməliyəm ki, cənab Prezidentin hər bir azərbaycanlı, bizim hər birimiz üçün proqram xarakteri daşıyan bu nitqi xalqımızın həyatının mühüm hadisələrinə işıq salıb, qarşıdakı dövr üçün əsas vəzifələri müəyyən edib. Möhtərəm Prezident müzəffər xalqın rəhbəri, qalib dövlətin başçısı kimi bir daha  bəyan etdi: “Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz””.
“Türk Dövlətləri Təşkilatı nə üçün xeyirxah bir aksiya keçirmir?”
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə qurultayın əhəmiyyətini vurğulamaqla bərabər, beynəlxalq təşkilatları da Şuşada quruculuğa dəstək olmağa çağırıb:

“Qarabağ lokal ərazi münaqişəsi olmayıb, SSRİ-nin yaranması və süqutunda böyük rol oynayıb. Özü də söhbət təkcə 1 milyona qədər köçkünün Vətənə dönüşündən getmir, bütövlükdə Qafqazın xilası, ənənəvi ticarət yollarının bərpası, iqtisadi və siyasi təhlükəsizlikdən gedir. Hamıya məlumdur ki, Qarabağın bərpasına 100 milyardlarla manat vəsait gərəkdir. Onu tək bir dövlət qarşılaya bilməz. Elə isə nə üçün Türk Dövlətləri Təşkilatı xeyirxah bir aksiya keçirmir? Yaxud, islam ölkələrinin xüsusi fərqlənməsi hazırki müqəddəs Ramazan ayının xeyirxahlıq, mərhəmət prinsiplərinə uyğun olmazmı?

Minaların təmizlənməsinə hərəsi çox yox,10 milyon dollarlıq yardım etsə, tarixi Mina dağını ziyarət etmiş olarlar!

O cümlədən, Amerikada general Corc Marşalın əməl varisləri Qarabağda azad edilən torpaqlarda bir küçənin bərpasını üzərlərinə götürə bilməzlərmi? 100 il əvvəl Xəzər dənizinə donanma ilə gələn general Tomsonun Qarabağda yeganə ali hakimiyyət rəhbəri kimi tanıdığı Xosrov bəy Sultanova münasibətini indi Britaniya hökuməti təkrarlasa, Şuşada bir məhəllənin quruculuğunu öz üzərlərinə götürsə, ədalətli olmazmı?

İki dəfə Bakıya gələn Şarl de Qollun Müqavimət hərəkatında vuruşan azərbaycanlılara ehtiramını davam etdirmək üçün yenidən seçilən Makrondan çoxmu fədakarlıq tələb olunur? Axı həmin dövlətlər Qarabağda sülhdən milyardlar qazanacaqlar. Biz o şəhərlərdə hər kəsin əməlini öz adı ilə yazıb tarixiləşdirəcəyik. Ona görə də ölkə rəhbərinin Qarabağın Quruculuğuna Beynəlxalq Yardım Fondunun yaradılması ideyasını hər birimiz müdafiə edirik. Yoxsa, son 30 ildə və 44 günlük müharibədə o dövlətlərin davranışları nə olubsa, indi bərpa və yenidən məskunlaşmaya, Böyük Qayıdışa də eyni münasibəti görürük. Lakin “Əliyev planı” onsuz da Marşal layihəsindən daha müqəddəsdir. Çünki onu tək bir dövlət edir! Prezident Əliyev 44 günlük hərbi meydanda kimdirsə, inşaat meydanında da həmin Qurucu liderdir!”.
“Zəngəzur dəhlizinin Laçına birləşən hissəsinə Xosrov bəy və Soltan bəy Sultanov qardaşlarının adı verilsin”
Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı isə vurğulayıb ki, Türkiyə parlamentində Türkiyənin Ermənistanla sərhədindəki Akkaya sərhəd-keçid məntəqəsinə “Tələt Paşa qapısı” adının verilməsi məsələsi qaldırılıb. Deputat bildirib ki, Zəngəzur ictimaiyyətinin bir qrup ziyalısı ona müraciət edib:

“Müraciətdə Zəngəzur dəhlizinin Laçına birləşən hissəsinə 1905-1906 və 1918-ci ildə azərbaycanlılara qarşı kütləvi qətliam törədən erməni faşizminin təmsilçiləri Qaregin Njdeyə, Andranik Ozanyana qarşı mübarizə aparmış Xosrov bəy və Soltan bəy Sultanov qardaşlarının adının verilməsi təklif olunub. Zəngəzur ictimaiyyəti tərəfindən irəli sürülmüş bu təklifin Milli Məclisdə dəstəklənməsini və qəbul edilməsini xahiş edirəm”.
“Azərbaycan diasporunu postmüharibə dövründə daha böyük vəzifələr gözləyir”
Deputat Ceyhun Məmmədovun fikrincə isə Vətən müharibəsindəki qələbədə Azərbaycan diasporunun da böyük payı var:

“Bir neçə gün bundan əvvəl Şuşada Dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçirildi. Qurultayda dünyanın müxtəlif bölgələrində yaşayan müzəffər xalqın nümayəndələri bir araya gələrək, postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran mühüm vəzifələrlə bağlı geniş müzakirələr apardılar. Zəfər qurultayının Şuşada keçirilməsi bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Qələbədə payı olan Azərbaycan diasporunu postmüharibə dövründə daha böyük vəzifələr gözləyir. Qurultayda Prezident İlham Əliyev konseptual, dərin və əhatəli çıxış edərək Azərbaycan diasporunun qarşısında duran mühüm hədəflərdən geniş bəhs etdi və Ermənistana növbəti dəfə ciddi xəbərdarlıq etdi. Növbəti gün Ermənistanın təxribat-diversiya qrupu Azərbaycan sərhədini keçməyə cəhd etdi. Bu, Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş növbəti təxribat idi.

Heç şübhəsiz ki, bir neçə gündür Ermənistanın paytaxtında və Xankəndidə təşkil olunan mitinqlər revanşistlərin və köhnə rejimin qalıqlarının növbəti məkrli niyyətindən xəbər verir. Ermənistan baş naziri Paşinyanın Rusiyaya səfərdən əvvəl bir bəyanat, səfərdən sonra isə başqa bəyanat verməsi Azərbaycan cəmiyyətində haqlı olaraq bir sıra suallar yaratdı.

Onu da qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı ötən il səsləndirdiyi fikirləri yenə təkrarlaması  Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına heç bir töhfə vermir. Azərbaycan və Türkiyə dəfələrlə bəyan ediblər ki, bu məsələni siyasətçilər yox, tarixçilər araşdırmalıdırlar”.

Deputatın sözlərinə görə, Ermənistanın cəhdləri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda yaratdığı yeni reallığı dəyişə bilməz:
“Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə tezliklə çatacaq. Ermənistan tərəfi onu da bilməlidir ki, törətdiyi bütün təxribatların qarşısı qətiyyətlə alınacaq. Heç şübhəsiz ki, baş verən bütün təxribatlara görə məsuliyyəti Ermənistan daşıyır. Ermənistanın baş nazirinin özünün də dediyi kimi, bu ölkə qurbanlıq quzu statusundan, hansısa dövlətlərin əlində maşa və ya alət olmaqdan xilas olmağa çalışmalı, ona verilən son şansdan düzgün istifadə etməlidir. Ermənistanın xilas yolu yalnız bundan keçir”.

Gununsesi.info