Milli Net müsabiqəsində qeydiyyat bu gün başa çatır - FOTO

  • By admin
  • 20 Noyabr 2017 13:36

 

Milli İnternet Mükafatı (Milli Net) müsabiqəsində qeydiyyat başa çatır.

Təşkilat Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Milli Net-də qeydiyyat bu gün 00.00-da başa çatacaq.

Qeyd edilib ki, bu günə qədər müsabiqəyə 20 nominasiya üzrə ümumilikdə 344 müraciət daxil olub. Onlardan 225-i öz təsdiqini tapıb, 88 layihə isə müsabiqəyə buraxılmayıb.

Milli Net-də iştirak üçün mükafatın veb-saytı olan millinet.az-da “qeydiyyat” bölməsinə  daxil olmaqla, sorğunu doldurmaq lazımdır.

Təqdim olunan İnternet resursları və İnternet layihələri kontent, dizayn və texnoloji istiqamətlər üzrə peşəkarlardan və mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən dəyərləndirilir.

Qiymətləndirmə prosesi dekabrın 15 -dək davam edəcək. Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin isə dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə qalib gələn saytlar bir-birindən dəyərli müxtəlif hədiyələr və Mill Net müsabiqəsinin simvolu olan hörümçək toru əks edilmiş buta ilə təltif ediləcək.

Müsabiqəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

Müsabiqəyə LENOVO, BestComp, İnnovasiyalar Mərkəzi, NOVA, NEURON və Yello şirkətləri də dəstək verirlər.

Milli Net-in baş sponsoru Azertelecom şirkətidir.

Qeyd edək ki, “Azertelecom” MMC Azərbaycanın dinamik inkişaf edən milli backbone internet operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və səsli rabitə, internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə daşınma, beynəlxalq tranzit, Data mərkəz xidmətləri, SİP telefoniya, VPN (virtual şəxsişəbəkə), VoIP (İP şəbəkəsi üzrə səsin ötürülməsi) və digər telekom xidmətləri təqdim edir.

Gununsesi.info