Xəbər verdiyimiz kimi, dünən Milli Onkologiya Mərkəzində partlayış hadisəsi baş verib.
Hadisə Şua-diaqnostika şöbəsində olub.
Qazi olduğu vurğulanan xəstə Mübariz Əliyev əl qumbarası atıb.
Nəticədə həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.
Məsələ ilə bağlı ictimaiyyətdə müzakirələr başlayıb.
Hadisə fonunda həkimləri ümumi olaraq müdafiə edənlər də, tənqid səsləndirənlər də çoxdur.
Maraqlıdır, görəsən, həqiqətən də Azərbaycanda səhiyyənin durumu insanların özündən bu qədər çıxardacaq qədərmidir?
Yoxsa buna sadəcə bir şəxsin hiddəti kimi baxmaq lazımdır?
Çünki təkcə bu cür yox, başqa formalarda da insanların narazılığını görmək mümkündür.
Bu barədəGununsesi.info-ya həkim Aydın Əliyev danışıb.
O bildirib ki, məsələyə birtərəfli yanaşaq olmaz:
“Onkologiyada problemlər çoxdur, əksər adamlar da narazıdır. Ancaq orada olanlara görə çox risk edib məsələni işıqlandırmırlar. Ancaq işıqlandıranlar da var zaman-zaman. Vəkil Aslan İsmayılov və sosial şəbəkədə xeyli adamlar qarşıma çıxıb. Baş verən hadisə, ilk növbədə, cinayət hadisəsidir və buna heç cür haqq qazandırmaq olmaz. Biz işin kökünə baxmalıyıq ki, niyə bu durum var? Gör bu insan nə həddə çatıb ki, özünü öldürüb. Bu, asan məsələ deyil. Deyirlər, qazilərin bəzilərinin psixoloji problemi var. Bəli, var. Amma gəlin görək, niyə bu insanların psixoloji problemi yaranıb? Kefindən getməyib ki. Sizi, bizi müdafiə edib, canını qoyub, ona görə də onun psixoloji problemləri yarana bilər. Onlara qayğı ilə yanaşmaq və problemi həll etmək lazımdır. Yenə deyirəm, hadisəyə haqq qazandırmıram, ancaq problemlər yığılıb qalır. Onkoloji xidmət icbari tibbi sığorta xidmətlər zərfinə daxil deyil. Qanunda yazılıb ki, onkoloji xidmət dövlət hesabına. Ancaq baxaq görək belədirmi? Evini satıb müalicəsinə xərcləyən insan var ki, yenə də şəfa tapa bilmir. Bu xəstələrin bir qismi ölümlə nəticələnir. Elə aqressiv formalar var ki, mümkün də olmur. Bu xəstəlik diaqnozu qoyulandan insanın həyatı dəyişir, alt-üst olur. Bunun müalicəsini birmənalı olaraq dövlət qarşılamalıdr. Təəssüflər olsun ki, ancaq kağız üzərindədir”,- deyə o qeyd edib.
Orxan












