Mixail Saakaşvili maddi sıxıntıdan əziyyət çəkir - UKRAYNALI JURNALİSTLƏR MƏŞHUR LİDERİN EVİNDƏ

  • By admin
  • 22 Oktyabr 2018 11:59

Sabiq prezident maddi sıxıntıda olduğunu etiraf edib

Ukraynanın “1+1” telekanalının əməkdaşları Niderlandın Amsterdam şəhərinə gedərək Gürcüstanın eks prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin yaşadığı evdə qonağı olublar.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, jurnalistlər hazırladıqları filmdə siyasətçi ilə rus dilində danışıblar.

“Təzə tər çiçəklər, divardan asılan bir neçə tablo, bir flakon odekolon və köhnə Rolex”. Filmdə belə deyilir.

Saakaşvili maddi sıxıntıda olduğunu etiraf edib. Onun ailəsinə anası köməklik göstərir: “Anam yaxşı qazanır, həm özünü, həm də Gürcüstanda yaşayan həyat yoldaşımla oğlumu saxlayır. Hərdənbir məni də unutmur”.

Siyasətçi yaşadığı mənzilin ona ayda 400 avroya başa gəldiyini bildirib.

Sabiq qubernator söhbət zamanı Ukraynanı unutmadığını da gizlətməyib: “Mən ukraynalıları çox sevdim. Hesab edirəm ki, bu ölkə gələcəkdə Avropanın ən böyük ölkələrindən biri olacaq”.

Gürcüstanın eks prezidenti gəzdirdiyi Ukrayna pasportu haqda da danışıb: “Bir dəfə məni Fransada bu pasporta görə saxladılar və dedilər ki, guya bunu mən oğurlamışam. Onlara dedim ki, mən öz ürəyimi verərəm, ancaq bu pasportdan imtina etmərəm. Yalnız meyitimin üzərindən keçərək bu sənədi ala bilərsiniz”.