MSK-ya heç bir şikayət daxil olmayıb

  • By admin
  • 29 İyun 2016 17:39

msk

 

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Gununsesi.info-ya MSK mətbuat xidmətindən verilən məlumata görə, iclasda 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə əlaqədar seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb. Bilidilib ki, təkrar seçkilərə siyasi partiyaları təmsil edən, habelə öz təşəbbüsləri ilə seçkilərə qatılan 7 nəfərin namizədliyi qeydə alınıb. Təkrar seçkilərlə bağlı seçki günü və ondan sonrakı müddətdə MSK-ya heç bir müraciət və ya şikayət daxil olmayıb. Cari ildə Milli Məclisə keçirilmiş təkrar seçkilərdə şəffaflığın təmin olunması məqsədilə 4 beynəlxalq, həmçinin müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını təmsil edən və öz təşəbbüsləri ilə seçkilərin müşahidəsinə qatılmış 741 yerli müşahidəçi akkreditasiyadan keçib. Kütləvi informasiya vasitələrinin nümayəndələri isə heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən axırınadək sərbəst və maneəsiz şəkildə seçkilərin izlənməsində iştirak ediblər. Ümumiyyətlə, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də kütləvi informasiya vasitələrinin nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb. Səsvermə başa çatdıqdan və məntəqələr bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib və qısa müddət sonra bütün seçki məntəqələrindən daxil olmuş məlumatlar əsasında səsvermənin ilkin nəticələri və lider namizəd haqqında məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb. Milli Məclisə təkrar seçkilərdə seçicilər azad şəkildə məntəqələrə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, seçki dairəsi üzrə 40203 seçicidən 23292-si səs verib ki, bu da seçicilərin ümumi sayının 57,94 faizini təşkil edir. İclasda Milli Məclisə təkrar seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və təsdiqlənib. Komissiya üzvlərinin müzakirəsi zamanı təkrar seçkilərlə bağlı atılmış addımlar və həyata keçirilmiş layihələr seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirən təqdirəlayiq hal kimi qiymətləndirilib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə təkrar seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.

 

Gülnaz Qənbərli