“Müəssisə sahiblərindən “şirinlik” alırdıq, yığılan pulları da…” -Səlim Müslümovun məhkəməsində şahid danışdı

  • By admin
  • 07 Noyabr 2022 09:19

Dövlət Əmək Müfəttişliyinin əməkdaşı etiraf edir ki, müxtəlif təşkilat və müəssisələrdə əmək məsələlərilə bağlı yoxlamalar keçirib, rüşvət alırdılar. Qurumun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş Departamentində çalışmış Elxan Səlimov iddia edir ki, rüşvəti toplayıb, Dövlət Əmək Müfəttişliyinə verirdilər. O, pulu təhvil verəndə onlara da müəyyən məbləğ qaytarılırdığını deyib.

Səlimov bu barədə noyabrın 5-də keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində danışıb. Dövlət Əmək Müfəttişliyi bu nazirliyin tabeliyindədir.

Hazırda ev dustaqlığında olan sabiq nazirin işinə 4 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Müslümov nazir olduğu dövrdə Elxan Səlimov Hüquqi şəxslərlə iş departamentində baş məsləhətçi işləyib. O deyir ki, paytaxtdakı təşkilat və müəssisələrə gedib, işçilərlə əmək müqaviləsi bağlanıb-bağlanmadığını, onlara əməkhaqqının rəsmi qaydada verilməsi məsələsini və s. yoxlayırdılar.

“Yoxlama zamanı bir sıra nöqsanlar aşkar edirdik. Buna görə müəssisə sahiblərindən ‘şirinlik’ alırdıq. Yığılan pulları da Fuad Əlizadəyə verirdik. Hər dəfə yoxlamaya iki nəfər gedirdik. Hər ay Fuad Əlizadəyə 5 min manat verirdik. O da həmin puldan bizə verirdi”, – məhkəmədə şahid kimi dindirilən Səlimov belə deyib.

Fuad Əlizadə 2005-2014-ci illərdə audit şöbəsinə rəhbərlik edib. Müslümov nazir olduğu dövrdə – 2014-cü ildən 2018-ci ilə qədər isə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsində çalışıb.

Keçmiş nazirin məhkəməsində dindirilən başqa şahidlər isə Qarabağ müharibəsinin iştirakçıları üçün evlərin təmir və tikintisində qiymətlərin şişirdilməsi, sənədlərdəki rəqəmlərlə iş müqabilində onlara verilən rəqəmlərin fərqli olması haqda danışıblar. Bir neçə şahid isə onların adına müəssisə açılması və nazirliyin tenderlərində qalib elan olunması haqda ifadə verib. Belə şahidlərdən biri – Lənkəran sakini Balaverdi Ağayev dindiriləndə məlum olub ki, o, heç “tender” sözünün mənasını bilmir.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun müxtəlif rayon şöbələrinin rəhbərlərinin adları da bu cinayət işində şahid kimi keçir. Onlar ifadələrində bildirirlər ki, Bakıdan yoxlama gəlirdi, rəhbərlik etdikləri şöbədə nöqsan aşkarlanırdı. Bundan sonra onlardan vəzifədə qalmaları üçün pul tələb edilirdi. Həmin pulu verəndən sonra sadəcə, formal töhmət almaqla canlarını qurtarırdllar.

2014-2021-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul şöbəsinin müdiri olmuş Xalis Həsənov da noyabrın 5-də məhkəmədə bu haqda danışıb. O bildirib ki, yoxlama zamanı şöbədə ortaya çıxan nöqsanların ört-basdır edilməsindən ötrü nazirliyin Daxili nəzarət şöbəsinin rəis müavini Nizami Xanlarovla görüşüb, ona 12 min manat pul verib.

Bundan öncə dindirilən keçmiş şöbə müdirləri də Xanlarovun adını çəkiblər. O, növbəti məhkəmə iclasında dindiriləcək.

Məhkəmədə o da məlum olub ki, Nizami Xanlarov Xalq artisti Zeynəb Xanlarovanın qohumudur.

Müslümovun məhkəməsində zaman-zaman nazirlikdə saxta tenderlər, rüşvət və s. hallar haqda ifadələr səslənsə də, keçmiş nazir onların heç birinə cavab vermir. O, ümumiyyətlə, ifadələrə heç bir fikir bildirmir.

Cinayət işinin materiallarında iddia olunur ki, toplanan rüşvət, saxta tenderlər nəticəsində yeyintilər, o cümlədən Qarabağ müharibəsi iştirakçıları üçün evlərin tikintisindəki mənimsəmələr – bu vəsaitlərin əksəriyyəti Müslümova çatıb. Bu üzdən ona 27 milyon manatlıq mənimsəmə və rüşvət ittihamı verilib.

Müslümov məhkəmədə özünü qismən təqsirli bildiyini deyib.

Xatırlatma

1961-ci il təvəllüdlü Səlim Müslümova CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

2018-ci ildə nazir vəzifəsindən azad edilən Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, Səbail rayon Məhkəməsinin qərarıyla onun barəsində həbs qərarı çıxarılıb. DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. O, ev dustaqlığına buraxılarkən səhhətindəki problemlər əsas gətirilib. Lakin yayılan məlumatlara görə, yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödəməsi onun həbsdən çıxmasında rol oynayıb.

Müslümov büdcə vəsaitlərinin yeyintisində ittiham olunduğuna görə onun işi üzrə məhkəmədə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Müslümov nazir olduğu dövrdə bu qurumun Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev (Əjdər Ol) da onunla birlikdə həbs olunmuşdu. Lakin Əjdər Olun haqqındakı cinayət işi sonradan ayrılaraq, məhkəməyə göndərildi. O, 8 il 3 ay azadlıqdan məhrum edilib.

Cəbiyev özünü qismən təqsirli bilirdi. O, bir sıra hallarda qanunsuzluqlara yol verildiyini etiraf etsə də, deyir ki, əldə olunan vəsait büdcədə nəzərdə tutulmayan xərclərə yönəldilib.

Gununsesi.info