
Dünyanın ən böyük şirkətlərindən olan” Palmali” keçmiş idarəçisi ilə qarşı-qarşıya gəlib.
Gununsesi.info-nun Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, uzun illər şirkət rəhbərliyində çalışan Ələddin Aykaçın şirkətlər qrupu ilə əlaqəli olan bəzi hissələri geri qaytarmadığı iddia edilir. “Palmali Şirkətlər Qrupu”nun CEO-su Vüqar Hüseynin dilə gətirdiyi iddialar arasında Aykaçın şirkətin pulu ilə qumar oynadığı da yer alır. İş adamı Mübariz Mənsimovun sahib olduğu “Palmali Şirkətlər Qrupu” bazasında olan 200-ə yaxın gəmi vasitəsilə neft ixracatı ilə məşğuldur. Son zamanlarda “Palmali”yə bağlı fəaliyyət göstərən şirkətlərdə səlahiyyətli şəxslər bütün hesabları nəzarətə götürüb, idxal və ixracı araşdırır. M.Mənsimovdan sonra şirkətin bütün məsələləri ilə maraqlanan Aykaçın işdən ayrılması ilə krizis ortaya çıxıb. Məlum olub ki, o, öz adına olan şirkət hissələrini geri qaytarmayıb. Hissələrin geri qaytarılması ilə bağlı Aykaça bildiriş göndərilsə də, heç bir nəticə əldə olunmayıb.
Nigar Cəfərli










