
ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və BMT-nin bu qərara verdiyi reaksiya son dönəmlərdə dünya mediasının gündəmindən düşməyən hadisələrdən oldu. Xəbər verdiyimiz kimi, bir neçə dövləti çıxmaqla, çoxluq Qüdsün İsrailin paytaxtı kimi tanınmasının əleyhinə səs verib.
Gununsesi.info müxtəlif dövlətlərin Trampın ədalətsiz qərarına verdiyi sərt reaksiyaları və dünya mediasında yer alan şərhləri təqdim edir:
İngiltərənin BBC informasiya agentliyi “BMT Trampın qərarını ləğv edir” başlıqlı xəbər hazırlayıb. Məlumatda qərarın düzgün olmadığına dair ifadələr yer alıb. Ölkənin digər informasiya agentliyi olan “Sky”ın verdiyi xəbərə görə isə İngiltərə Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarının əleyhinə səs verib.
İsveçrənin təxminən 250 min tirajı və 1,5 milyon onlayn izləyicisi olan “Blick” qəzeti Trampın atdığı addımı pisləyərək ABŞ-ın bu mövzuda geri çəkilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, “Blick” qəzeti İsveçrənin yeganə beynəlxalq mətbuat orqanıdır.
Macarıstanın “Magyar Namzet” qəzeti “Dünya Trampın təhdidlərinə fikir vermədi” başlığı ilə məqalə dərc edib. Məlumatda ABŞ-ın tək qaldığı vurğulanıb.
Fransa mətbuatı BMT-nin ABŞ-ı qınadığını yazıb. Lakin həmin yazıda qeyd olunub ki, ABŞ-ın təhdidləri də müəyyən qədər nəticə verib. Məqalədə bir neçə dövlətin ABŞ-ın lehinə səs verdiyi, bəzilərinin isə bitərəf qaldığına diqqət çəkilib.
İtaliya mediası BMT-nin ABŞ-a sərt şillə vurduğunu yazıb. Amma İtaliya Kataloniyanın müstəqilliyi məsələsini Qüdsün İsrailin paytaxtı kimi tanınmasından daha vacib hesab edir. Belə ki, ölkə mətbuatında yer alan xəbərlərdə sıralamaya baxsaq, Trampın qərarı 2-ci yerdə dayanır.
ABŞ-ın qərarına ən sərt reaksiyanı Almaniya verib. Ölkə mətbuatında yer alan “Trampın şantajları uğursuz oldu” başlıqlı məqalədə ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Haleyin fotosu öz əksini taparaq altından “mafia” kəlməsi yazılıb.
Serbiyanın rəsmi xəbər agentliyi “TANJUG” və ölkənin önəmli qəzetlərindən biri olan “Politica”da ABŞ və İsrailin məğlub olduğunu yazıb.
Gununsesi.info











