
Səbael rayonu, Badamdar qəsəbəsi Tofiq Məmmədov küçəsi ev1/3-də yaşayan sakinləri “MVVL VERUS PRAEDİUM” MMC mənzillərindən zorla çıxarmağa çalışır.
Bu barədə Gununsesi.info-ya adıçəkilən binada yaşayan sakinlər məlumat verib.
Onların sözlərinə görə, şirkətin nümayəndələri artıq ikimərtəbəli yaşayış binasını hasara alaraq vətəndaşlara psixoloji təsir edərək, onları mənzillərindən köçməyə vadar edir.
Bina sakini Dilarə xanım bildirdi ki, “MVVL VERUS PRAEDİUM” MMC şirkəti tərəfindən vətəndaşların köçürülməsi ilə bağlı hazırladığı müqavilə şərtləri onları qane etmir: “Yaranmış vəziyyətlə bağlı biz dəfələrlə şirkətin rəhbəri ilə görüş tələb etsək də, adıçəkilən şirkətin rəhbəri ilə görüşə bilmirik. Həmin şəxs ortaya çıxmır. Şirkətin nümayəndələri isə bizim irəli sürdüyümüz şərtlərlə bağlı konkret cavab vermir. Əksinə sakinlərin hər vasitə ilə buradan köçürülməsinə çalışırlar”.
Dilarə xanım onu da əlavə etdi ki, şirkətin nümayəndələri artıq əraziyə inşaat materialları tökərək yaşadıqları binanın ətrafını hasarlamağa başlayıb: “Biz onların bu hərəkətinə etiraz etdikdə isə bildirirlər ki, əcəb edirik. Gedin kimə istəyirsiniz, şikayət edin”.
Dilarə xanımın sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəyi yoxdur: “Buna baxmayaraq, şirkət bizləri məcburi qaydada köçürməyə çalışır. Artıq bina sakinlərinin müəyyən qismi məcburiyyət qarşısında şirkətin şərtlərini qəbul edərək, mənizllərindən köçüb. Ancaq 10-a yaxın ailə şərtləri qəbul etmir. Biz binadan o zaman köçərik ki, şirkət şərtlərimizi qəbul etsin”.
Şirkətin şərtlərinə gəldikdə isə Dilarə xanım bildirdi ki, adıçəkilən MMC onlara “Binanın yerində yeni bina tikilənədək kirayadə yaşayın və şirkət kirayə haqqını ödəyəcək. Bina hazır olduqdan sonra binada yaşayanlar mənizllərlə təmin olunacaq”, deyib. Sakinlər isə bu şərtlə razı deyil: “Biz şirkətdən mənzillərimizin kvadratmert sahəsinə uyğun pul verilməsini tələb edirik. Onlar isə bu şərti qəbul etmir. İndi isə şirkət binanı hasara almaqla məşğuldur”.
Gununsesi.info












