Nərimanov polisində işgəncə… -BOYNUNA CİNAYƏT QOYDULAR

  • By admin
  • 01 İyul 2016 08:40

isgence

7 apreldə Təranə Xanəlizadə böyük oğluna toy edib, gecə yorğun-arğın kiçik oğlu Tural İsmayılovla  evlərinə qayıdıb. Həmin gecə evlərinə yaxın ərazidə ölüm hadisəsi baş verib. Nərimanov rayonunda küçədə yaşayan Rafiz Mirzəyev həlak olub.  Hadisədən 4 gün sonra, 21 apreldə oğlu Tural İsmayılov ölüm işində şübhəli bilinərək saxlanılıb. O, Nərimanov rayonu 18-ci polis bölməsinə gətirilib. Gəncin valideyni deyir ki, hadisə baş verən gün oğlu küçədə olmayıb.

“Dedi ki,”mama, mən gedirəm yatmağa”. Mən də dedim ki, indi yatmaq zamanı deyil, bir az mənə kömək elə. Dedi, “nə olub gecə vaxtı, sabah edərəm. Səhər 8-dən ayaq üstdəyik, yorulmuşuq qoy gedim yatım”. Dedim, “yaxşı get yat”.

26 yaşlı Tural İsmayılov işdən evə gələndə  polislər onu maşına oturdub Nərimanov rayon 18-ci polis bölməsinə gətiriblər. Valideyn deyir, oğluna bölmədə işgəncələr verilib ki, etmədiyi cinayəti boynuna götürsün. “Şöbəyə gəldim. Qapıdakı adamdan soruşdum, dedi sizi indi içəri buraxa bilmərik. Rəis sabah gələr, içəri buraxarıq. Heç nə yoxdur, qorxub eləməyin. Bu vaxt gördüm ki, dəhlizdən girəndə balaca otaq var, onun pəncərəsindən Tural mənə əl eləyir: “Mama, məni öldürürlər. Mama, bax, gözümü çıxarıblar. Mama, məni neçə saatdır döyürlər. Boynuma ölüm işi qoyurlar”. Mən bunu eşitdim, növbətçiyə dedim ki, nə ölüm işi? Uşaq niyə orada qışqırır? İtələdilər, məni atdılar bayıra”.

Növbəti gün valideyn yenə oğlunu görməyə gəlib. Bu dəfə onu görünüşündən tanımayıb.

“Səhəri gün polis şöbəsinə yenə gəldim. Gördüm Turalı tualetə aparırlar. Oğlumu tanımadım, nə gündə idi?! Elə bil ki, o Tural adında oğlan deyilmiş. Gözün altı şiş, ayaqları, qolları, bədənləri, paltarları nə gündə… İməkləyə-iməkləyə, bərbad gündə gedirdi. Dedi, mama, bax, məni nə günə qoyublar. Məni toka veriblər. Səbəbini soruşanda tez maşına basdılar, apardılar”.

Tural İsmayılov bölmədən Nərimanov rayon Polis İdarəsinə gətirilib. Anası deyir ki, idarədə oğluna işgəncə verməyə davam ediblər. O, Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək oğluna işgəncə verildiyini xəbər verib. Amma heç bir nəticəsi olmayıb. Valideyn bildirir ki, oğlu işgəncələrdən sonra ölüm hadisəsi törətdiyini yazıb.

“Banditizmdə 3 nəfər maskalı şəxs onu stola bağlayıb, toka veriblər. Gözü nə gündədir. Vəkilə də içəri keçməyə icazə verməyiblər. Səhər 9-dan axşam 6-ya qədər oradayıq, vəkil içəri girə bilmir. Demək, içəridə ona işgəncə verirlər ki, yazdırsınlar bunu mən etmişəm”.

Nərimanov rayon Məhkəməsi Tural İsmayılov haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda ittiham olunur. Bu maddə ilə təqsirli bilinərsə, Tural İsmayılovu  7 ildən 12 ilə qədər həbs gözləyir.

3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov ailəyə göndərdiyi məktubda Tural İsmayılovun üzərində xəsarətlərin olmasını təsdiq edir. O yazır: “Tural İsmayılov 23 apreldə 3 saylı İstintaq Təcridxanasına gətirilib. Daxil olarkən təlimata uyğun müəssisənin tibb-sanitar hissəsində tibbi müayinədən keçirilib və onun hər iki daban nahiyyəsində sol budun aşağı üçdə bir arxa səthində və sol göz qapağında tünd bənövşəyi rəngli qançır aşkar edilib. Xəsarətlər barədə məlumat verilib”.

“Oğlumun gözündə xəstəlik var, əməliyyat olunub. Gözü ilə əlaqədar 3-cü qrup əlildir. Necə vurublarsa, iki metr uzaqlığa qədər görürdü, indi deyir ki, “mama, sağlam gözümü tuturam, heç qaraltını da hiss eləmirəm”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə təklif edir ki, şikayətçi rəhbərliyə müraciət etsin. Bu müraciətin edildiyini bildirdikdə, dəstəyi yerə qoyur.

Nərimanov rayon 18-ci polis bölməsi, eləcə də Nərimanov rayon Polis İdarəsinin işçiləri  hadisə ilə bağlı məlumat vermək səlahiyyətlərinin olmadıqlarını bildirdilər.

Tural İsmayılovun valideyni isə övladının günahsız həbs edilməsi ilə bağlı dövlət orqanlarına şikayət yazmaqdan əldən düşüb.

“Artıq mən bir ana kimi mənəvi cəhətdən tükənmişəm. Bilmirəm hara müraciət edim?! Səsim də batıb, yoxam mən. Yaşaya bilmirəm, dözə bilmirəm ki, mən dişimlə-dırnağımla nə əzablarla uşaq böyüdüm, kimsə işgəncə versin, olmayan bir işi boynuna qoysun?!Haqq-ədalət yoxdur, bu nə dünyadır?!Harada yaşayırıq biz?!”

Meydan TV