
2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat Əbülfəz Bünyadovun evində keçirilmişdi. Onun özü də həmin əməliyyatda güllə yarası alaraq, hərəkət qabiliyyətini itirib.
Ə.Bünyadov həmin gün həbs olunsa da, bir ildən artıq müddətdə Penitensiar Xidmətin MüalicəMüəssisəsində saxlandıqdan sonra 2016-cı ilin dekabrında barəsində həbs qətimkan tədbiri dəyişdirilmişdi. O, polis nəzarətinə vermə qətimkan tədbiri ilə evə buraxılmışdı.
Gununsesi.info xəbər verir ki, CM-nin 120 (qəsdən adam öldürmə), 228 (qanunsuz silah saxlama), 29,214 (terrorçuluğa cəhd) və s. maddələrlə təqsirləndirilən Ə.Bünyadovun məhkəməsi başlayıb. O, fevralın 6-da məhkəməyə Təcili Tibbi Yardımla gətirilib.
Ə.Bünyadov Nardaran hadisələrindən sonra axtarışa verilib, 2017-ci ilin martında həbs olunan Elxan İsgəndərovla birlikdə mühakimə olunur. Vəkillər Ə.Bünyadovun barəsindəki cinayət işinin ayrılması haqda vəsatət qaldırsalar da, təmin olunmayıb.
İş üzrə məhkəmə baxışı fevralın 13-nə təyin edilib.
Gununsesi.info











