Narkotik xəstələrinin, alıcıların cinayət məsuliyyətindən azad edilməsi mümkündür

  • By admin
  • 04 Sentyabr 2019 13:25

“Cinayətkarlıqla mübarizəni yalnız polisin üzərinə qoymaq cəmiyyətdə xroniki xəstəliyə çevrilib”

 Bəzi Qərb ölkələrində alıcı narkomanların cinayət məsuliyyətindən azad edildiyi, onların cinayətkar deyil, xəstə obrazının formalaşdığı hər kəsə bəllidir. Pribaltika və Gürcüstan nümunələri Qərbin məlum təcrübəsinin tədricən post-sovet məkanına da yol açdığını göstərir.

Maraqlıdır, bu təcrübənin ölkəmizdə  tətbiqi mümkündürmü? Bunun ölkəmiz üçün hansı nəticələri ola bilər?

Moderator.az olaraq bu və bu kimi suallara sabiq polis rəisi, tanınmış hüquqşünas, polis polkovniki Mahmud Hacıyevlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

Mahmud müəllim, qanunların hər bir xalqın həyatında, onun yaşamında mühüm rol oynadığı, bütün münasibətlərin qanunlar əsasında tənzimləndiyi şübhəsizdir. Lakin bəzi məqamlarda qanunlarda kəskin dəyişikliklərin həyata keçirildiyi, bir sıra məsələlərə münasibətdə qeyri-ənənəvi yanaşmanın ortaya qoyulduğu müşahidə edilir. Bəs bu qanunlara yeni baxış və yanaşmaların tətbiqini, yaxud köhnə qanunlardan imtina edilməsi və yeni qanunların qəbulunu zəruri edən nə olur?

 

-Məsələ ondadır ki, bir ictimai-siyasi formasiya öz yerini başqa ictimai-siyasi formasiyaya verəndə, quruluş dəyişəndə bu dəyişiklik qanunverici orqanlarına, hüquq-mühafizə və güc orqaqnlarının fəaliyyətinə də təsir edir. Əsrlər dəyişdikcə, həyat tərzi də dəyişir.  Köhnə qanunvericiliklə müasir yaşamı tənzimləmək mümkün olmur. Tarixə nəzər salsaq görərik ki, SSRİ kimi çürük kommunist ideologiyasının mövcud olduğu bir ölkədə 1934-1936-cı illərdə cinayət mühakimə icrası və mülki mühakimə icrasının əsaslarını, eləcə də əmək qanunvericiliyini tamamilə yeniləşdirdilər. Bundan bir müddət sonra, yəni 1962-1964-cü illərdə SSRİ-də cinayət mühakimə icrası, əmək qanunvericiliyi və mülki mühakima icrası yenidən dəyişdirildi. Bundan sorna da qanunda müəyyən kosmetik də olsa dəyişiklikər edildi. Çürük kommunist ideologiyası vaxtaşırı ciddi qanun dəyişikliklərinə imkan verməsə də formal dəyişikliklər müşahidə edilirdi.

SSRİ dağıldıqdan sonra müstəqil dövlətlər meydana gəldi. Bir ictimai-siyasi formasiya öz yerini başqa bir ictimai-siyasi formasiyaya verdi. Bu dəyişiklik isə cəmiyyətin həyatına, eləcə də qanunverici orqanların və digər qurumlarıln fəaliyyətinə ciddi təsir etdi. Bütün qanunlarda əlavə və dəyişiklik oldu. Yəni bu, bir növ zamanın tələbi kimi meydana çıxdı.Məhz bu cür məqamlarda qanunlarda ciddi dəyişiklik bir zərurət kimi meydana çıxır və bu başadüşüləndir.

Bəs bu gün narkomaniyaya qarşı mübarizə məsələsində yeni baxış və yanaşmalara ehtiyac varmı?

-Bu gün dünyada ən böyük bəlalardan biri narkomaniya və narkobiznesdir. Istər dünya miqyasında, istərsə də post-sovet məkanında ən böyük bəlalardan biri məhz narkomaniya ilə bağlıdır. Ölkəmizdə hüquq-mühafizə orqanları bu bəlalara qarşı öz mübarizəsini əzm və qətiyyətlə aparmaqdadır. Lakin bütün dünya üçün səciyyəvi olan bu problemin ölkəmizdə də mövcudluğu kimsəyə sirr deyil. Bu baxımdan hesab edirəm ki, müasir dünyanın, Qərb ölklərinin bu məsələdəki yanaşması müəyyən redaktərlə ölkəmizdə də tətbiq edilə bilər.

Dünya miqyasında alıcı narkomanlar, istifadəçilər xəstə kimi qəbul olunur. Yəni onlar cinayətkardan daha çox xəstə kimi qəbul edilirlər. Dünyanın bəzi dövlətlərində alıcı narkomanlar, narkotik xəstələri cinayət məsuliyyətinə cəlb olunmurlar. Bəşəriyyəti düşündürən suallardan biri də budur ki, bu cür xəstələrlə bağlı cinayət işi qaldırmağa dəyər, yoxsa yox? Bu düşüncə post-sovet məkanına da hakimdir.

Alıcı narkomanların məsuliyyətdən azad edilməsi, onların xəstə statusunda tanınması ölkəmizdə də reallaşa bilərmi?

-Bizdə istər sovetlər birliyi dönəmində, istərsə də indi belə bir hal mövcud idi ki, istifadəçi az miqdarda narkotik alırsa, bu miqdar nəzərdə tutulmuş normadan aşağıdırsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Kommunist ideologiyası zamanında da bu, humanist bir addım hesab olunurdu. Bu gün də humanist addım hesab edilir. Lakin burada bir balaca sürüşkənlik də mövcuddur. Bu sürüşkənliyi də aradan qaldırmaq lazımdır.  Çünki alıcı narkomanların qanunun bu humanistliyindən sui-istifadə etməsi ehtimalı var. İstər peşəkar istintaqçılar, istərsə də peşəkar əməliyyatçılar bunu yaxşı bilir.

-Maraqlıdır, bu sürüşkənliyin mahiyyəti nədən ibarətdir?

-Ola bilsin ki, hansısa narkoman narkotikdən bir qədər çox alaraq gələcəkdə özü üçün “pul fondu” yaratmağı planlaşdırsın. Düşünsün ki, bundan bir qədər də başqalarına satsın və istifadə etdiyi narkotik ona pulsuz başa gəlsin. Əgər hər hansı bir xəstə narkoman narkotiki bəlli bir miqdardan çox alarsa, o, xəstə kimi deyil, satan narkoman kimi ortaya çıxır və cinayət məsuliyyətinə cəlb edilir. Bu məsələyə diqqət etməyə ehtiyac var. Yəni artıq həmin şəxsə xəstə kimi humanistlik göstərmək deyil, onu məsuliyyətə cəlb etmək və cəzalandırmaq lazımdır.

Alıcı narkomanların məsuliyyətdən azad edilməsi onların başlı-başına buraxılması, başqaları üçün də mənfi nümunə olmaqda davam etmələrinə şərait yaratmaq demək olmazmı?

 

-Məsələ bundadır ki, alıcılar məsuliyyətdən azad olunsa da, ona məcburi qaydada müalicəyə cəlb edilirlər. Bunların məsuliyyətdən azad edilməsi heç də o demək deyil ki, bu şəxsləri başlı-başına buraxmaq lazımdır. Müəyyən hüquqi-normativ aktlar qəbul olunur ki, məhz bu aktlar nəticəsində  onlar məcburi müalicəyə cəlb olunurlar. Həmin şəxslər ətraf mühitdən təcrid edilirlər. Yüksək səviyyədə narkoloji dispanserlər təşkil olunur və istifadəçilər orada müalicə alırlar. Yəni proses başdan sona qədər ciddi nəzarət altında olur.

-Cəmiyyətin narkomaniya ilə mübarizə məsələsində hüquq-mühafizə orqanlarından, xüsusilə də polisdən kifayət qədər gözləntiləri mövcuddur. Bəs bu məsələdə ictimaiyyətin, medianın və digər qurumların atmalı olduğu hansısa addımlar varmı?

 

-Bu mübarizəni yalnız polisin, güc orqanlarının üzərinə qoymaq düzgün deyil. Bu gün bir çoxları bunu ancaq polisin işi hesab edir, bəziləri isə narkomaniyaya qarşı mübarizənin səviyyəsinə dodaq büzürlər. Bu, onlarda bir növ xroniki xəstəliyə çevrilib. Cəmiyyəti bu xəstəlikdən azad etmək lazımdır. Halbuki, bu məsələdə Azərbaycan polisi üzərinə düşən işi ən yüksək səviyyədə yerinə yetirir. Lakin bu, kompleks həll edilməsi gərəkən məsələdir. Burada Səhiyyə Nazirliyi də, qanunverici orqan da, digər əlaqədar qurumlar da yaxından iştirak etməlidirlər. Ictimaiyyət də bu məsələyə öz töhfəsini verməlidir. Ictimaiyyət problem və onun həlli yolu haqqında məlumatlandırılmalıdır. Bu isə əsasən KİV-in, televizyaların, medianın işidir. Ictimaiyyət də bu məsələdə aktiv iştirak etməli, öz yaxasını kənara çəkməməlidir. Bütün sivil ölkələrində məsələyə məhz belə yanaşılır.