İqtisadçı Natiq Cəfərli Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyevin ölkəyə turist axınının azalmasını Hindistan-Pakistan gərginliyi və Yaxın Şərqdəki münaqişələrlə əlaqələndirən açıqlamasını tənqid edib.
Gununsesi.info-nun xəbərinə görə, Cəfərli bildirib ki, regional gərginliyin turizmə müəyyən təsiri ola bilsə də, bu amil Azərbaycanda qeydə alınan azalmanı tam izah etmir.
Onun sözlərinə görə, 2026-cı ilin ilk beş ayında Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb.
İqtisadçı qeyd edib ki, eyni dövrdə qonşu ölkələrdə fərqli mənzərə müşahidə olunub.
O bildirib ki, Gürcüstanda yanvar-may aylarında turist sayı 1 milyona çatıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artıb.
Cəfərlinin sözlərinə görə, bu dövrdə Avropa İttifaqı və Böyük Britaniyadan gələn turistlərin sayı 30 faiz, Səudiyyə Ərəbistanından gələn turistlərin sayı isə 36,3 faiz artıb.
Natiq Cəfərli əlavə edib ki, 2026-cı ilin yanvar-may aylarında Ermənistana 825 min 384 turist səfər edib ki, bu da ölkə tarixində rekord göstəricidir.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz artım deməkdir.
Cəfərli həmçinin bildirib ki, həmin dövrdə Ermənistana Hindistan və Körfəz ölkələrindən gələn turistlərin sayında da əhəmiyyətli artım qeydə alınıb.
İqtisadçı hesab edir ki, əgər Hindistan-Pakistan gərginliyi və Yaxın Şərqdəki hadisələr əsas səbəb olsaydı, oxşar azalma regionun digər ölkələrində də müşahidə edilməli idi.
Cəfərli Azərbaycanda turizm göstəricilərinə təsir edən digər amillərin də müzakirə edilməsinin vacibliyini vurğulayıb.
Onun fikrincə, quru sərhədlərin bağlı qalması, sektorda rəqabətin zəif olması və dövlətin tənzimləyici qurumlarının müdaxilələri turizm axınına təsir göstərən əsas səbəblər sırasındadır.
Elmar












