Naxçıvanda polislə dalaşan iki qardaş həbs edildi

  • By admin
  • 27 Fevral 2023 11:19

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşları ilə münaqişə yaradan iki qardaş həbs edilib.

Gununsesi.info-nun “Qafqazinfo”a istinadən verdiyi məlumata görə, hadisə fevralın 22-si baş verib.

Şərurun Dizə kənd sakini olan M.Abdulov həmin gün müalicə almaq üçün xəstəxanaya gedib. Daha sonra o, oğlu Kərimi qida məhsulları alması üçün mağazaya göndərib. Sürücülük vəsiqəsi olmayan oğlan atasına məxsus “VAZ” markalı avtomobili idarə edərək xəstəxanadan çıxıb və yolda yol polisi əməkdaşları onu saxlayıb. Polislər qanunun tələbinə uyğun olaraq avtomobili cərimə meydançasına aparıblar. Bundan sonra Kərimin atası və xəstəxanada olan əmisi Aydın onun polis şöbəsinə aparılmasını və maşının cərimə meydançasına salınmasını öyrənərək oraya gediblər. Bu zaman polislərlə onların arasında münaqişə baş verib. Nəticədə hər iki şəxs saxlanılıb və barələrində inzibati protokol tərtib edilib.

Şərur Rayon Məhkəməsinin qərarı ilə 1983-cü il təvəllüdlü M.Abdulov və qardaşı Aydının hər birinə 8 sutka inzibati həbs cəzası verilib.

Gununsesi.info