Naxçıvanın sabiq DİN rəhbərinin məhkəməsi təxirə salındı

  • By admin
  • 11 Yanvar 2023 11:55

Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovla bağlı məhkəmə prosesi təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun icraatına verilmiş iş üzrə iclas yanvarın 18-də keçiriləcək.

İclasda Əhməd Əhmədovla bağlı kassasiya şikayətinin müddətinin uzadılması ilə bağlı müraciətə baxılmalı idi.

Şikayət ərizəsində sabiq nazir barəsində həbslə bağlı olmayan qərar qəbul olunması istənilib.

Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib. Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Bir müddət əvvəl Əhməd Əhmədovun vəziyyəti pisləşib. O, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə yerləşdirilib.

Gununsesi.info