Nazir Türkiyədə mədəndə baş verən partlayışın səbəbini AÇIQLADI – YENİLƏNİB + FOTO/VİDEO

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş verən partlayışın səbəbi bəlli olub.

Bununla bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez açıqlama verib.

Nazir bildirib ki, ilkin araşdırmalara görə, hadisə mədən qazından qaynaqlanan partlayış nəticəsində baş verib. Partlayış zamanı meydana gələn yüksək təzyiq və temperatur çox sayda işçinin həyatını itirməsinə səbəb olub.

Nazir Fatih Dönmezin sözlərinə görə, partlayış nəticəsində bəzi yerlərdə qismən çökmə baş verib. O, həmçinin yeraltı tuneldə havalandırma sisteminin düzgün işlədiyini qeyd edib.

Dönmez 15 işçinin xilas edilməsi üçün işlərin davam etdiyini əlavə edib.

“Hazırda 15 yoldaşımız mədəndədir, axtarışlar hələ də davam edir. Partlayışdan sonra yeraltı tuneldə yanğın baş verib. Hazırda komandalarımız yanğının və orada əmələ gələn dəm qazının təsirini azaltmağa çalışırlar”, – deyə nazir bildirib.

Fatih Dönmez qeyd edib ki, 15 işçinin harada olduğu məlumdur. Nazir həmçinin partlayış yerinin də təxmini bəlli olduğunu əlavə edib.

“10-11 işçi yanğının davam etdiyi bölgədədir. Çox böyük yanğın deyil. Təhlükəsiz şəkildə oraya girmək üçün yanğının və karbonmonoksit qazının dəf edilməsi lazımdır. Bəzi yerlərdə qismən çökmə var. 4-5 işçimiz də çökmə olduğu bölgədədir. İşlər davam edir”, – deyə o vurğulayıb.

09:15

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə partlayış zamanı ölənlərin sayı 28-ə çatıb.

Bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Koca qeyd edib ki, yaralılardan 6-sı İstanbulda, 5-i Bartında olmaqla 11 xəstənin müalicəsi üçün lazım olan hər şey edilir.

01:28

Bartının Amasra rayonundakı mədəndə partlayışında ölənlərin sayı artıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca partlayışda həyatını itirənlərin sayının 22-yə çatdığını açıqlayıb.

“Bartında mədəndə baş verən partlayışda 22 vətəndaşımızı itirdik. Hər birinə Allahdan rəhmət diləyirəm. Millətimizə başsağlığı verirəm. Yaralıların ən qısa zamanda sağlamlıqlarına qovuşmaları üçün əlimizdən gələni edirik”, – deyə o bildirib.

00:19

Türkiyənin daxili işlər naziri Süleyman Soylu mədəndə baş vermiş partlayış nəticəsində azı 14 nəfərin öldüyünü bildirib.

“Bu növbədə 110 işçi çalışıb, onlardan 49-u risk altında olub. Hazırda 28 nəfər xəsarət alıb, 14 nəfər ölüb”, – Soylu jurnalistlərə bildirib.

Hazırda mədəndə qalan əməkdaşların xilas edilməsi əməliyyatı davam edir.

14 oktyabr, 23:12

Bartındakı mədəndə baş vermiş partlayış nəticəsində ən azı iki nəfər ölüb, 20 nəfər yaralanıb.

Bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

İlkin məlumatlara görə, partlayış təxminən 300 metr dərinlikdə baş verib.

Amasra şəhərinin meri Recai Çakırın sözlərinə görə, mədəndə metan partlayışı olduğuna dair şübhələr var.

21:35

Türkiyənin Bartın vilayətindəki daş kömür mədənində baş verən partlayışdan sonra yerin altında qalan mədənçilərin bir qısmi xilas edilib.

Bu barədə Bartın valisi Nurtaç Arslan məlumat verib. O, xilas edilənlərin vəziyyətinin normal olduğunu bildirib.

Valinin sözlərinə görə, hazırda 49 nəfər yeraltı mədəndə qalır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu bölgədə hadisələri yaxından araşdırmaq üçün Bartına yollanıb.

Həmçinin, hadisə ilə bağlı artıq bölgə prokurorluğu tərəfindən istintaq başladılıb və işə nəzarət üç prokurora tapşırılıb.

Mənbə: TRT

21:20

Türkiyənin şimalında daş kömür mədənində partlayış baş verib. Hadisə Bartın vilayətinin Amasra bölgəsində qeydə alınıb.

Məlumata görə, partlayış nəticəsində 87 mədənçi yerin altında qalıb.

Hazırda onların xilas edilməsi üçün əməliyyat aparılır.

İnsidentin səbəbləri araşdırılır.

Gununsesi.info