Nazirlər Kabineti bu sərəncamı niyə vətəndaşlardan gizlədir?

  • By admin
  • 16 Avqust 2022 22:52

Nazirlər Kabinetinin rəsmi saytında 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncam tapılmır.

Bu sərəncamın hüquqi aktların vahid elektron bazasında yerləşdirilməməsi sözügedən sərəncamın vətəndaşlardan gizli saxlanılması anlamına gəlir. Belə ki, bu sərəncam 2021-ci ilin 16 avqust tarixində qəbul edilsə də, indiyə kimi sayta yerləşdirilməyib. Bu sərəncamın dövlət sirrini əks etdirən hüquqi akt olması barədə heç bir məlumat da yoxdur.
Öz hüquq və azadlıqlarını həyata keçirmək və pozulmuş hüquqlarının etibarlı müdafiəsini təmin etmək üçün valideyn himayəsindən məhrum olmuş vətəndaş Əli Vaqif oğlu Babayev bu sərəncamın nə elektron variantını, nə də kağız daşıyıcıda çap edilmiş variantını tapa bilməyəndən sonra öz tanışı kimi mənə zəng edərək 492s nömrəli sərəncam barədə suallar verdi və ona kömək etməyimi xahiş etdi.

O qeyd etdi ki, Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sərəncamı öz saytlarında yerləşdirilməyiblər.
Lakin buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyatı məsələ üzrə bəzi məktublarında bu sənədə istinad edir.
Aparılan araşdırmalar zamanı məlum oldu ki, 492s nömrəli sərəncam, həqiqətən də, rəsmi dövlət orqanlarının saytlarında yerləşdirilməyib və beləliklə də, aidiyyatı sosial məsələlərdə öz pozulmuş hüquqlarını bərpa etmək istəyən vətəndaşlar bu sərəncamı əldə edə bilmirlər. Bizə məlum olmayan hansısa səbəbdən bu sərəncamın saytlarda yerləşdirilməməsi və bir növ gizli saxlanılması anlaşılan deyil. Çünki Nazirlər Kabineti qəbul etdiyi qərar və sərəncamların vətəndaşlar üçün əlçatan olmasında maraqlı olmalıdır ki, vətəndaşlar bu qərar və sərəncamları oxusunlar, maariflənsinlər və öz hüquqlarını daha mükəmməl şəkildə müdafiə etsinlər.
Məyusedici hal bundan ibarətdir ki, Nazirlər Kabineti tərəfdən 492s nömrəli sərəncamın saytda yerləşdirməməsi Azərbaycan Respublikası Prezidentinin “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1 iyul 2011-ci il tarixli 463 nömrəli fərmanının və bu fərmanla təsdiq edilmiş Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında” Əsasnamənin müddəalarına uyğun deyildir.
Çünki yalnız ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən hüquqi aktlar Dövlər Reyestrinin elektron variantında və Dövlət Reyestrinin toplusunda dərc edilmir. 492s nömrəli sərəncamın dövlət sirrini əks etdirən hüquqi akt kimi gizli saxlanılması və Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasına da daxil edilməməsi ciddi suallar ortaya qoyur.
Vətəndaş Babayev Əli Vaqif oğlu 21 və 22 iyul 2022-ci il tarixlərində həm elektron qaydada, həm də məktubla Nazirlər Kabinetinin Sədri Baş Nazir cənab Əli Əsədova müraciət etmiş və həmin sərəncamın kağız daşıyıcıda çap edilərək ona göndərilməsi barədə göstəriş verməsini xahiş etmişdir. Əgər bu sərəncam dövlət sirrini əks etdirən hüquqi akt olsaydı, Babayev Əli Vaqif oğluna çoxdan belə bir cavab verilməli idi. Lakin “Vətəndaşların müraciətləri haqqında” qanunda göstərilmiş müddətdə Nazirlər Kabineti tərəfdən vətəndaşa indiyə kimi cavab verilməməsi bizdə qeyri-müəyyənlik yaratmışdır.
Vəziyyətdən çıxış yolu tapmaq üçün vətəndaş Babayev Əli Vaqif oğlu 14 avqust 2022-ci il tarixində Nazirlər Kabinetinə getmiş və Hüquq şöbəsindən xahiş etmişdir ki, sərəncamın surətini ona versinlər. Buna baxmayaraq, Hüquq şöbəsində 492s nömrəli sərəncam vətəndaşa verilməmiş, eyni zamanda sərəncamın nə vaxt verilməsi sualına konkret cavab da verilməmişdir.

Halbuki,Babayev Əlinin müraciəti 21 iyul 2022 tarixində Nazirlər Kabinetinin dəftərxanasında B561 nömrə ilə qeydiyyata alındığından ötən 27 gün ərzində vətəndaşa cavab verilməli idi. Ən azından Nazirlər Kabinetinin Hüquq şöbəsinin əməkdaşı Babayev Əliyə deyə bilərdi ki, bu sərəncam dövlət sirrini əks etdirən hüquqi aktdır və verə bilmərik. Amma böyük ehtimalla deyə bilərik ki, bu sərəncam dövlət sirri təşkil edən məlumatlarla bağlı olan bir sərəncam deyildir. 492s nömrəli sərəncamın adi surətini əldə etmək uğrunda hüquqi müstəvidə əsl “mübarizə” aparılır.
Nazirlər Kabinetinin qəbul etdiyi və qüvvədə olan bir sərəcamı əldə etmək üçün vətəndaş bundan artıq nə etməlidir? Məsələnin ən sadə və qanunauyğun variantı budur ki, Nazirlər Kabinetinin əməkdaşları sərəncamı sayta yerləşdirsin, amma yerləşdirmək istəmirlər. Hələ üstəlik vətəndaşa deyirlər ki, “get sənə xəbər verərikl”.
Hüquqi dövlətdə bu cür yanaşma qəbul edilən deyil və Qanunun Aliliyi prinsipinə daban-dabana ziddir.
Bu vəziyyət biz vətəndaşlarda təəccüb və təəssüf doğurur. Bu vəziyyətin özü göstərir ki, ölkədə Qanunların icra edilməsində və ya tətbiq edilməsində ciddi problemlər var.

Rahim Axundov

Gununsesi.info