
Təhsil Nazirliyində UNİCEF-in nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, UNİCEF-in ekspertləri iştirak edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov son dövrlərdə təhsil sahəsində aparılan islahatlardan və inklüziv təhsil sahəsində görülən işlərdən danışıb. Nazir müavini təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idman və bədən tərbiyəsinə marağın artırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib, bu sahədə UNİCEF-lə Təhsil Nazirliyi arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
UNİCEF-in beynəlxalq məsləhətçisi Kolin Hiqqs təhsil müəssisələrinin əlçatanlığı və inklüzivliyin qiymətləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, əlilliyi olan, xüsusilə əlil arabalarından istifadə edən uşaqlar üçün məktəbə getməkdə fiziki maneələrin aradan qaldırılmasına dair fikirlərini bildirib.
Görüşdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “TOPs-Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması“ layihəsinin nəticəsinin UNİCEF tərəfindən qiymətləndirilməsinin aparılması imkanları, eləcə də hər iki tərəfi maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb
Anar
Gununsesi.info












