
Ermənistanda baş nazir Serj Sərkisyanın istefası ilə nəticələnən etiraz aksiylarını davam etməsi və ölkədə yaranmış qeyri-müəyyən mürəkkəb dövlət və hakimiyyət böhranı təkcə erməniləri deyil, eyni zamanda postesovet məkanında və dünyada diqqətlə izlənilir. Proseslər hansı məcrada inkişaf edəcək, necə və hansı sonluqla bitəcək? Çünki baş verən bu proseslərdə maraqlı tərəflərin çox olması hadisələrin nəzarətdən çıxmasına gətirib çıxardı.Və ona görə də proseslərin necə inkişaf edəcəyini və necə nəticələnəcəyini əvvəlcədən o qədər də proqnozlaşdırmaq mümkün deyil.
Birincisi ona görə ki, maraqlı tərəflər çoxdur və bu maraqlı tərəflərin əksəriyyəti bir-birini qəbul etməyən qüvvələrdir. Bu qüvvələrin böyük bir qsiminin marağı Serj Sərkisyan dinastiyasının devrilməsində üst-üstə düşsə də, ölkənin gələcəyi, onun idarə edilməsi, hakimiyyətdə təmsilçilik məsələsində isə maraqları toqquşur. Əgər maraqlar üst-üstə düşsəydi, o zaman proseslər müxalifət hərəkat lideri Nikol Paşinyanın dediyi kimi ikinci mərəhələyə qədəm qoymazdı. Ona görə ki, Serj Sərkisyanın istefasından sonra Paşinyan yeni aralıq hökumətin seçilməsi və özünün baş nazir olması, eyni zamanda növbədənkənar parlament seçkiləri ilə bağlı irəli sürdüyü şərtlər iflasa uğradı.Mitinqdə xalq onu baş nazir postuna namizəd kimi irəli sürsə də, bu təklif siyasi qüvvələr tərəfindən qəbul edilmədi. Necə deyərlər maraqlı tərəflər özlərinin maraqlarının təmin olunmadığı üçün irəli sürülən təklifin reallaşmasına imkan vermədi. Maraqlı tərəflərin fikrincə, deyilən şərtlər reallaşacağı təqdirdə hakim Respublikaçılar Partiyası başda Serj Sərkisyan olmaqla bir-iki fiqurunu “qurban” verməklə növbəti mərhələyə az itki ilə çıxmacaqdı ki, bu da növbəti mərhələlərdə onların yenidən revanşına yol aça bilərdi. Odur ki, Paşinyana dəstək verən qüvvələr Serj Sərkisyanla, yanaşı onun hakim komandasının tamamilə siyasi səhnədən getməsinə nail olmaq üçün prosesi davam etdirirlər. Həmin qüvvələr yaxşı bilirdi ki, Sərkisyanın komandasında da onun getməsini istəyən maraqlı qüvvələr və ciddi fiqurlar mövcuddur. Əgər belə olmasaydı, Armen Sərkisyan parlamentdəki ilk çıxışı zamanı Ermənistanın generaliteti və oliqrxları parlament zalını nümayişkəranə tərk etməzdilər. Onların zalı tərk etməsi Armen Sərkisyana qarşı deyildi, bu əslində Serj Sərkisyana eitiraz forması idi. Onlar yaxşı anlayırdılar ki, Armen Sərkisyan kimi mülayim xarakterli adamın ölkə başçısı olmasından sonra Serj Sərkisyan ölkədə birmənalı şəkildə hakimiyyəti ələ almaqla, digərlərini heç bir mane olmadan istədiyi zaman zərərsizləşdirə biləcək. Serj Sərkisyanın belə bir mütləqi-hakimiyyəti nə yeni seçilən prezidnt Armen Sərkisyanı, nə parlament sədrini, nə də digər oliqarx və generalitetin marağına xidmət etmirdi.
Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, etiraz aksiyasının təşəbbüskarı və bu prosesin ilkin mərhələsini uğurla sonuclandıran Nikol Paşinyanın ciddi siyasi gücə malik olmamasıdır. Nikol Paşinyanın Ermənistan parlamentində bir neçə deputatla təmin olunmasına baxmayaraq, onun liderlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyasının erməni cəmiyyətində ciddi dayaqlara və siyasi təsir dairəsinə malik olmadığı son proseslərdə ortaya çıxdı. Bu belə olmasaydı bir az əvvəl söylədiyimiz kimi Paşinyan rahatca qələbəsini təmin etmiş olardı.
Bax elə Paşinyanın proseslərdə həlledici rola malik ola bilməməsi artıq müəyyən suallara yol açır və proseslərin bundan sonra hansı məcrada inkişaf edəcəyi hamını düşündürür. Bu isə ona dəlalət edir ki,Paşinyan ortada görünən fiqur olsa da, onu idarə edən, maliyyələşdirən gizli qüvvələr mövcuddur. Hətta Paşinyanı maliyyələşdirən şəxslərdən ən birincisi Serj Sərkisyanın kürəkəni və Ermənistanın Vatikandakı səfiri Mikael Minasyanın adı çəkilir. Hətta “Yelk” blokunu onun siyasi layihəsi hesab edirlər. Hələ fevral ayında Minasyan Vatikandakı səfirlik postundan istefa verib ölkəyə dönəcəyini elan edib.O zaman Manisyanın bu bəyanatı Serj Sərkisyanın varisi olması kimi şərh edildi.
Paşinyanı oliqarx Qaqik Çakuryan tərəfindən maliyyələşdirildiyi bildirilir. Elə ona görə də, “Çakuryan” bloku Paşinyanın başlatdığı prosesi dəstəklədi. Painyanı digər oliqarxlar, hətta diaspor təşkilatları tərəfindən maliyyələşdirildiyi qeyd olunur. Bu belə olmasaydı aksiya iştirakçılarını isti səhər yeməkləri ilə, kasiyanı havadan pilotsuz apartlarla çəkilişini və yaxud gecələrə küçələrdə qalan insanları odunla təmin olunması Paşinyan təkbaşına edə bilməzdi. Paşinyan hərəkatına hakim Respublikaçılar Partiyasının tanınmış simaları, o cümlədən Kren Karapetyanın da gizli dəstək verdiyi bildirilir. Məhz bu amillər tərəflərin ortaq məxrəcə gəlməsinə imkan vermir.
Odur ki, Paşinyan da növbəti həftədən ikinci mərhələnin başlanmasına start veriləcəyini bəyan edib. O İrəvanda aksiyalara fasilə verərək, aksiyanın Ermənistanın üçüncü şəhəri olan Gümrüdə və daha sonra isə ölkənin ikinci şəhəri Vandzorda başlamağı qərar verib.
Bu müddət ərzində isə Paşinyan prezident Armen Sərkisyanla görüşüb və ölkədki vəziyyəti müzakirə ediblər. Bundan əlavə olaraq aprelin 28-də baş nazir postunu icra edən Karen Karapetyanla görüşəcək.
Düzdür, Moskva Ermənistandakı hadisələri bu ölkənin daxili işi hesab edərək müdaxilə etmədiyini bəyan etsə də, ancaq proseslərin qeyri-müəyyənliyi və uzanması da artıq Moskvanı narahat etməyə başlayıb. Əgər bu, belə olmasaydı Putin Karen Karapetyanla telefon danışığı zaman ölkədəki vəziyyətlə bağlı narahatçılığını ifadə etməzdi. Bununla yanaşı xarici işlər naziri Edvard Nalbandyan və baş nazirin müavini Armen Gevorkyan Moskvada danışıqlar aparmazdı. Moskva açıq olmasa da, müəyyən mesajlarla Karen Karapetyanın hakimiyyətin idarə edilməsində əsas postlardan birində görmək niyyətindədir.
Hakim komandanı tərk edən “Daşnaksütun” da gələcək hakimiyyətdən hansısa “kusok” əldə etmək istəyir. Məhz ona görə də ilk anda hakim komandanı tərk etdi. Hazırda ortada siyasi iddia qoyan qüvvələr Nikol Paşinyanla yanaşı hakim komandanın təmsilçisi Karen Karapetyan, “Çakuryan” blokunun lideri Qaqik Çakuryandır. Digər qüvvələrin də ortaya çıxacağı ehtimal olunur.
Baş nazir postuna isə ən iddialı şəxs Karen Karapetyandır. Öz niyyətini reallaşdırmaq üçün o Rusiyadakı, eyni zamanda kənarda yaşayan erməni oliqarxlarla əlaqəsini işə salıb. Elə Karenin bu günlərdə “Taşir” şefi Aleksandr Karapetyanla görüşünü də bu qəbildən hesab etmək olar. Lakin əksər qüvvələr onun Ermənistanın baş nazir olmasınıölkə üçün fəlakət hesab edir. Onun əleyhinə olan qüvvələrin fikrincə, Karen Karapetyanın baş nazir postuna gəlməsini Ermənistanın Rusiya qarşısında kapitulyasiya aktı kimi dəyərləndirirlər. Bununla da Ermənistan Rusiyanın bir subyekti olacaq.
Bütün bunlar ikinci mərhələnin birinci mərhələdən fərqli olaraq daha ağır və ziddiyətli olacağınə göstərir.Əgər birinci mərhələdə bütün tərəflər bir arada idisə, ikinci mərhələdə maraqlar toqquşduğundan narazıçılıq açıq formada ortaya çıxacaq və bu da özünü etiraz aksiyalarında açıq formada büruzə verəcək. Maraqlı tərəflər maraqlarını təmin etmək uğrunda mübarizəsi isə erməni cəmiyyətində parçalanmalara yol açacaq. Bunu görən Paşinyan İrəvanda aprelin 29-da keçiriləcək ikinci mrəhələnin şərtlərini açıqlamaq niyyətindədir. Bu mitinqdə eyni zamanda aprelin 28-də baş nazir vəzifəsini icra edən Karen Karapetyanla danışıqların nəticələrini və şərtlərini açıqlamaq istəyir. Odur ki, növbəti mərhələ Ermənistan üçün daha ağrılı və mürəkkəb olacaq. Bu da ölkədəki siyasi, hakimiyyət və dövlət böhranının daha da dərinləşməsinə yol açacaq.
Mürtəza Bünyadlı
Gununsesi.info









