Azərbaycan-Özbəkistan əlaqələri regional əməkdaşlığın nümunəsinə çevrilir

  • Müəllif: Firuzə
  • 30 Avqust 2026 21:41

Azərbaycan-Özbəkistan münasibətləri bu gün qlobal düzəndə, hətta bir-biri ilə yol gedə bilməyən, yaxın qonşu olan ölkələr üçün də bir örnəkdir. Bu münasibətlər göstərir ki, mənəvi bağlar, ağıllı siyasi qərarlar, liderlər arasındakı rasional dostluq münasibətləri və qardaşlıq əlaqələri təkcə müttəfiqlik münasibətləri quran ölkələrin özləri üçün deyil, onların təmsil olunduqları regionlar üçün də böyük yeni imkanlar yaradır. Bu imkanlar rəqəmsal və informasiya texnologiyaları sahəsində də özünü göstərir”.

Milli Məclisin deputatı Cavanşir Feyziyev Gununsesi.info -ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü səviyyəsini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi mesajlarla yadda qalıb.

Deputatın sözlərinə görə, müsahibədə səsləndirilən ən mühüm siyasi mesaj Azərbaycan-Özbəkistan əlaqələrinin artıq strateji tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə yüksəlməsidir. O qeyd edib ki, bu yanaşma təkcə ikitərəfli münasibətlərin deyil, həm də Türk dünyasında formalaşan yeni əməkdaşlıq modelinin siyasi konturlarını ortaya qoyur:

“Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər dayanır. Məhz bu ortaq köklər son illərdə dövlətlərarası əlaqələrin sürətlə inkişaf etməsinə, xalqlar arasında etimadın daha da möhkəmlənməsinə şərait yaradıb.

Bu gün iki ölkə arasındakı qardaşlıq münasibətləri region üçün sabitlik və əməkdaşlıq nümunəsinə çevrilib. Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasında qarşılıqlı etimad və dostluq əlaqələri də dövlətlərarası münasibətlərin indiki yüksək səviyyəyə çatmasında mühüm rol oynayıb. Bu şəxsi münasibətlər xalqlarımız arasında qardaşlığın rəmzi olmaqla yanaşı, iki ölkənin gələcək inteqrasiya perspektivlərini də ortaya qoyur”.

Deputat Prezident İlham Əliyevin müsahibəsində Ali Dövlətlərarası Şuranın fəaliyyətinin yüksək qiymətləndirilməsinə də diqqət çəkib. O bildirib ki, bu mexanizm siyasi, iqtisadi və humanitar əməkdaşlığın koordinasiyasında mühüm rol oynayır. Bakıda və Daşkənddə keçirilən iclaslar gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdirən vacib platformaya çevrilib.

Cavanşir Feyziyevin sözlərinə görə, Özbəkistanla iqtisadi əməkdaşlıq da müsahibənin əsas istiqamətlərindən biridir. Dövlət başçısının qeyd etdiyi kimi, ticarət dövriyyəsinin sürətlə artması qarşılıqlı iqtisadi münasibətlərin real nəticəsidir. İnvestisiya layihələrinin genişlənməsi isə hər iki ölkənin iqtisadi potensialını birləşdirən yeni imkanlar yaradır:

“SOCAR və Özbəkistanın enerji şirkətləri arasında yaradılmış birgə müəssisələr neft-qaz sənayesində mühüm layihələr həyata keçirir. Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq Azərbaycan və Özbəkistanı regionun yaşıl enerjiyə keçid siyasətində strateji tərəfdaşlara çevirir.

Prezident İlham Əliyev nəqliyyat və logistika sahəsini də xüsusi perspektivli istiqamət kimi qiymətləndirib. Azərbaycanın Orta Dəhlizdə oynadığı rol ilə Özbəkistanın Mərkəzi Asiyadakı mövqeyi bir-birini tamamlayır. Bu əməkdaşlıq Şərqlə Qərbi birləşdirən yeni tranzit imkanlarının yaranmasına xidmət edir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən birgə layihələrin də xalqlarımız arasında qardaşlığın praktik nümunəsi olduğunu qeyd edib. Füzulidə salınan “Dostluq bağı” və Mirzə Uluqbəy adına məktəbin tikintisi, eləcə də digər layihələr Özbəkistanın Qarabağın bərpasına verdiyi böyük dəstəyin göstəricisidir. Bu təşəbbüslər iki xalqın həmrəyliyini daha da gücləndirir.

Hesab edirəm ki, qarşılıqlı mədəniyyət günləri, “Şuşa Günləri”, elmi konfranslar və Bakının mərkəzində “Özbəkistan” parkının yaradılması kimi layihələr ortaq mədəni irsin qorunmasına xidmət edir”.

Cavanşir Feyziyev media və QHT sahəsində əməkdaşlığın da diqqətçəkən istiqamətlərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, media və QHT forumları ictimai diplomatiyanın inkişafına töhfə verir. İlk dəfə elan olunan birgə qrant müsabiqəsi isə vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq üçün yeni imkanlar açır.

“Qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan bu əməkdaşlıq həm iki ölkənin milli maraqlarına, həm də Türk dünyasının gələcək inteqrasiyasına mühüm töhfələr verir”, – deyə deputat qeyd edib.

Cavanşir Feyziyev

Millət vəkili

Gununsesi.info