Obamadan daha bir tarixi addım -VİDEO

  • By admin
  • 28 May 2016 10:08

ABŞ grezidenti Barak Obama Xirosimaya səfəri zamanı dünyanı nüvə silahından imtina etməyə çağırıb. Gununsesi.info Ağ Evin rəsmi saytına istinadən bildirir ki, Obama 1945-ci ildə Xirosima atom bombardmanı qurbanlarının xatirə abidəsi önünə əklil qoyub. Əklilin üzərində “Qoy, ruhlar burada rahat uyusunlar. Biz bu şeytani bəlanı bir daha təkrar etməməliyik” sözləri yazılıb.

Ağ evin rəsmi saytı hadisə yerindən canlı yayım təqdim edib.

Obama deyib ki, insanlar Xirosimaya ona görə gəlirlər ki, o qədər də uzaq olmayan keçmişdə şəhərin necə dəhşətli bir gücün təsiri ilə dağıdıldığı barədə düşünsünlər: “Biz yaxın keçmişdə baş verən dəhşətli zorakılıq üzərində fikirləşmək üçün gəlirik. Biz həlak olanları yad etmək üçün gəlirik. Biz bu dəhşətli müharibədə həlak olan günahsız insanların xatirəsini uca tuturuq. Şəhəri məhv edən işıq qığılcımı və odlu divar bununla göstərdi ki, bəşəriyyət özünü məhv etmək imkanını əldə edib”.

Obama həmçinin gələcəkdə belə iztirabların baş verməməsi üçün bütün dünyanın məsuliyyət daşıdığını bildirib və dünya ölkələrini nüvə silahından imtina etməyə çağırıb. Lakin Obama ABŞ-ın hücumuna görə üzr istəməyib.

Qeyd edək ki, bu tarixdə ilk atom bombardmanı idi.

Abidəyə gülqoyma mərasimində Barak Obama ilə birgə bombardmanda xəsarət alan və Atom və Hidrogen Bombalarından Zərər Çəkənlər Təşkilatları Konfederasiyasının həmsədrləri Sunao Suboi və Mikiso Ivasa, həmçinin bir həftə əvvəl Amerikanın üzr istəməsi tələbi ilə çıxış edən təşkilat katibliyinin başçısı Terumi Tanaka da iştirak ediblər.

Beləliklə, Barak Obama Xirosimanı ziyarət edən ilk ABŞ prezidenti olub.

Xatırladaq ki, Amerika Hərbi Hava Qüvvələrinin ikinci dünya müharibəsinin yekun mərhələsində – 1945-ci il avqustun 6-da və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı iki atom bombası 200 minədək insanın həyatına son qoymuşdu. Faciə qurbanlarının ümumi sayı isə 450 min nəfərdən çoxdur. Sağ qalanlar radiasiya şüalanmasının yaratdığı xəstəlilklərdən indiyədək əziyyət çəkirlər. Son məlumata görə, onların sayı 183,5 min nəfərdir.