“Ölkə başçısının son bəyanatı həm Ermənistana, həm də bütün dünyaya mesajdır”

  • By admin
  • 20 Sentyabr 2020 22:00

Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində Ermənistanın təxribatları, bunun mümkün nəticələri ilə bağlı açıqlama verib. Ölkə başçısı qeyd edib ki, əgər Ermənistan beynəlxalq hüquqa bundan sonra da hörmətsizlik göstərməkdə davam edərsə, o zaman Azərbaycan da beynəlxalq hüququn tələblərini nəzərə almaya bilər:

“İyul təxribatı – o da artıq silahlı təxribatdır və heç kimə sirr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi bunu açıq bildirib. Mən demişəm o vaxt, bu gün də, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və biz əgər istəsəydik, Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz etmədik bunu. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu, yoxdur – əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar üçün pis olacaq”.

Gununsesi.info bildirir ki, məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Ermənistanın faşizmdən belə təhlükəli ideologiyaya sahib olduğunu vurğuladı:

“Ermənistan faizmdən belə qorxunc ideologiyaya malikdir. Məhz bu ideologiyaya söykənən Ermnistan yeni torpaqlar iddiasını irəli sürməkdədir.

Rusiyanın Ermənistana verdiyi dəstəklərə nəzər slasaq aydın olar ki, işğalçı dövləti təxribatlara həvəsləndirən məhz Rusiyadır. Rusiya aşkar şəkildə beynəlxalq aləmə meydan oxumaqdadır. Məhz Rusiyanın dəstəyi sayəsində Ermənistan region üçün təhlükə mənbəyinə çevrilməkdədir.

Ermənistan işğalçılıq siyasətindən əl çəkib torpaqları geri qaytarma əvəzinə, absurd bəyanatlar verməkdə, yeni ərazi iddiaları irəli sürməkdədir. Ermənistan çox böyük həyasızlıq sərgiləməkdədir.

Ölkə prezidenti haqlı olaraq bildirir ki, Ermnistan beynəlxalq hüquq pinsiplərinə əməl etmir. Azərbaycan isə ona qarşı irəli sürülən bu cür hədələri həzm edə bilməz. Əgər Azərbaycan günü sabah anti-terror əməliyyatlarına başlayarsa, bu, heç də beynəlxalq hüquq normalarının pozulması demək olmayacaq.

Ölkə başçısı Ermənistanın təxribatları davam etdirəcəyi təqdirdə hərbi əməliyyatları işğalçı ölkənin ərazisində keçirə biləcəyimizə də işarə vurur. Bu, həm Ermənistana, həm də dünyaya mesajdır. Əgər dünya birliyi, beynəlxalq təşkilatlar işğalçı Ermənistanın təxribtlarının qarşısını almaq, onun işğalçılıq siyasətindən əl çəkməsini təmin etməzsə, o zaman Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün bütün gərəkli addımları atacaq”.

Gununsesi.info