Ölkədə insulun dərmanının çatışmamazlığı dolların bahalaşması ilə bağlıdır - BAŞ HƏKİMDƏN VƏTƏNDAŞLARIN ETİRAZINA REAKSİYA

  • Müəllif: admin
  • 17 Noyabr 2018 11:00

“Təkcə 23 saylı  Birləşmiş Şəhər Xəstəxanasında deyil, bütün ölkədə insulin dərmanının paylanması ilə bağlı problem var. Buna səbəb isə bu dərmanların xaricdən dollarla ixrac olunmasıdır. Dolların ucuz vaxtında nəzərdə tutulan büdcə ilə alındığından belə problem yaranıb. Ancaq inanıram ki, problem tezliklə həllini tapacaq”.

Bu sözləri Gununsesi.org-a Qaradağ rayonu Sahil qəsəbəsindəki Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rəsul Baxşəliyev insulin dərmanı ala bilməyən vətəndaşların etirazına münasibətində bildirib: “Dərman varsa biz onu niyə verməyək ki? Dövlətin verdiyi dərmandır. Sadəcə vətəndaşlara izah eləmək çətindir”.

Qeyd edək ki, iki gün əvvəl Qaradağ rayonu, Sahil qəsəbəsində  yerləşən 23 saylı Birləşmiş Şəhər xəstəxanasında şəkərli diabet xəstəliyindən əziyyət çəkən xəstələr insulin dəmanı ala bilmədiklərinə görə  etiraz edib.

Baş verənləri görüntüləyən vətəndaşlar onu Gununsesi.org-un elektron ünvanına yollayıb.

Bildirilir ki, dövlət tərəfindən pulsuz verilən insulini almaq üçün hətta gecədən növbə tutulsa da,  xəstələr preparatla təmin edilmir. Səbəb isə guya insulinin xəstələrin sayına görə deyil, məhdud sayda gəlməsidir. Xəstələrin dediklərinə görə isə dövlət tərəfindən göndərilən pulsuz gələn insulinlər xəstəxana heyəti tərəfindən mənimsənilir və sonradan pulla satılır.

Gununsesi.org