
Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirəcək.
Bu haqda Gununsesi.info-ya Ombudsman Aparatı mətbuat xidmətindən məlumat verilib. Belə ki, müsabiqədə 18 yaşınadək uşaqlar və yeniyetmələr iştirak edəcəklər.
Müsabiqənin şərtlərinə görə, rəsmlər A3 formatda işlənməli və bu rəsmlərin müəllifləri haqqında qısa məlumat, həmçinin müsabiqə iştirakçılarının bir ədəd fotoşəkli (4×5 ölçüdə)25 noyabr 2016-cı il saat 18:00-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, Hökumət evi, II qapı) təqdim edilməlidir.
Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçiləcək: Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması; BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq müddəasının rəsmlərdə öz əksini tapması; Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.
İştirakçılar rəsmlərini müsabiqə başa çatdıqdan sonra on gün ərzində geri götürə bilərlər. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmayacaq.
Gülnaz Qənbərli
Gununsesi.info









