
Bu gün qlobal miqyasda onlayn mediadan müəyyən ideyaların təbliği üçün manipulyasiya üsulu kimi istifadə olunur.
Gununsesi.info xəbər verir ki, bu fikri azərbaycanlı millət vəkil Sevinc Fətəliyeva AŞPA-nın qış sessiyasının üçüncü günündə plenar iclasda “Onlayn media və jurnalistika: çağırışlar və hesabat, kiberdiskriminasiya və onlayn nifrətə son qoyulması” mövzusunda hesabatın müzakirələri zamanı deyib.
O, təəssüflə qeyd edib ki, bu gün qlobal miqyasda onlayn mediadan müəyyən ideyaların təbliği üçün manipulyasiya üsulu kimi istifadə olunur:
“Təəssüf ki, saxta faktlar ictimai fikrin formalaşmasına və virtual mif yaradılmasına yönəlib. Xüsusilə münaqişə zonaları haqqında düzgün informasiya yaymaq böyük məsuliyyətdir. Təəssüflər olsun ki, bəzi veb saytlar bunu düzgün dərk etmir”.
S.Fətəliyeva əlavə edib ki, Ermənistanın internet portallarında Dağlıq Qarabağ haqqında, onun tarixi, mədəni irsi ilə bağlı saxtalaşdırılmış faktlar, eyni zamanda, bu gün baş verən hadisələr, erməni silahlı qüvvələrinin fəaliyyəti barədə yalan məlumatlar göstərilir:
“Belə faktlar münaqişənin həll edilməsinə yönələn maneələrin bir hissəsini təşkil edir və onların qarşısı alınmalıdır. Ümumiyyətlə, radikal ideyaların, dini və etnik dözümsüzlüyün, ekstremizmin yayılmasında medianın rolu çox böyükdür”.
AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi S.Fətəliyeva çıxışında müasir dövrdə kibermühitdə uşaqların təhlükəsizliyinə də toxunub.
Mürtəza
Gununsesi.info












