
“2016-cı ildə 27 nəfər vəzifəli şəxs vətəndaşlara münasibətdə süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə, etik davranış qaydalarını pozduqlarına görə vəzifəsindən kənarlaşdırılıb, 33 nəfər barəsində intizam tənbehi və ya inzibati məsuliyyət tədbirləri görülüb”.
Gununsesi.info xəbər verir ki, bunu Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov “Azertag.az”-a yazdığı məqaləsində qeyd edib.
Onun sözlərinə görə, Prezident Administrasiyasından nəzarət qaydasında baxılmaq üçün dövlət orqanlarına və digər qurumlara göndərilən müraciətlərin isə, alınmış cavablardan göründüyü kimi, 28 faizi müsbət həll olunub, 13,2 faizi qismən təmin edilib, 22,7 faizi əsassız sayılıb, 27,1 faizinə müvafiq izahat verilib, 1 faizinin icrası dövlət proqramlarında nəzərdə tutulub, 8 faizi icrada saxlanılıb.
“Prezident Administrasiyasında dövlət orqanlarından və digər qurumlardan alınmış cavablar, bir qayda olaraq, təhlil edilir, vətəndaşların müraciətlərində qaldırdıqları problemlərin araşdırılmasının nəticəsi daim diqqət mərkəzində saxlanılır, lazım olduğu təqdirdə, aidiyyəti üzrə müvafiq təşkilatlarla birgə təkrar araşdırma aparılır.
2016-cı ildə nəzarətə götürülmüş müraciətlər əsasında ayrı-ayrı şəxslər barəsində hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılmış, qanun pozuntusuna yol vermiş hüquqi və fiziki şəxslər cərimə olunub vətəndaşların hüquqları bərpa edilib”- deyə, o, vurğualyıb.
PA rəsmisi əlavə edib ki, nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində Daxili İşlər, Maliyyə, Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Şəmkir RİH-də və başqa təşkilatlarda 27 nəfər vəzifəli şəxs vətəndaşlara münasibətdə süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə, etik davranış qaydalarını pozduqlarına görə vəzifəsindən kənarlaşdırılıb, 33 nəfər barəsində intizam tənbehi və ya inzibati məsuliyyət tədbirləri görülüb.
Gununsesi.info










