Paşinyan Qriqoryana yeni vəzifə axtarır – Səfir göndərəcək

  • Müəllif: Orxan
  • 09 Sentyabr 2026 12:14

Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən gözlənilmədən azad etdiyi Armen Qriqoryan üçün yeni vəzifə axtarır.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Qəzetin iddiasına görə, söhbət sıradan vəzifədən getmir. Paşinyan Qriqoryanı kifayət qədər yüksək statuslu vəzifəyə təyin etmək istəyir.

Nəşrin məlumatına görə, Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edildikdən sonra Paşinyan ona hökumətdə baş nazirin müşaviri statusunda qalmağı təklif edib. Lakin Qriqoryan hökumət daxilində fəaliyyətini davam etdirmək istəməyərək bu təklifdən imtina edib.

Bundan sonra Paşinyanın ona Rusiyaya gedərək Ermənistanın səfiri vəzifəsini tutmağı təklif etdiyi bildirilir. Qriqoryan bu təklifi də qəbul etməyib.

İndi isə Paşinyanın yeni variant üzərində düşündüyü qeyd olunur.

“Joğovurd”un məlumatlı mənbələrinə görə, Nikol Paşinyan Armen Qriqoryanı Avropa ölkələrindən birində yüksək vəzifəyə göndərmək variantını nəzərdən keçirir. Söhbətin Ermənistan üçün xüsusi əhəmiyyət daşıyan və beynəlxalq proseslərdə mühüm rol oynayan Avropa ölkəsindən getdiyi bildirilir.

Mənbələrin iddiasına görə, əvvəlki təkliflərdən fərqli olaraq, bu variant Armen Qriqoryanı da qane edə bilər. Belə ki, Paşinyan onun imtina etməyəcəyi ölkəni müəyyənləşdirərək Qriqoryanı həmin ölkəyə səfir göndərməyə çalışır.

Hazırda söhbətin konkret hansı ölkədən getdiyi məlum deyil. Qəzetin məlumatına görə, bununla bağlı hələ yekun qərar qəbul edilməyib və Paşinyan müxtəlif variantları nəzərdən keçirməkdə davam edir.

Qeyd edək ki, Armen Qriqoryan 2018-ci ilin mayından Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub. O, 2021-ci ildə qısa müddətə xarici işlər nazirinin birinci müavini vəzifəsinə keçib, daha sonra yenidən Təhlükəsizlik Şurasının katibi olub. Bi yaxınlarda isə Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edlib.

Gununsesi.info