Şuşada bir qayaya şəhid Xudayar Yusifzadənin adı yazılıb. Sonra həmin yazı silinib. Məsələ böyüyüb, sosial şəbəkələrdə müzakirələr başlayıb, şəhid anasının da məsələyə sərt münasibəti gündəmə gəlib.
Əlbəttə, şəhidin adı onsuz da tarixə yazılıb.
Ancaq bütün məsələni bir cümlə ilə ifadə etmək mümkündür:
Şəhidin adını qayaya yazmaqla ona hörmət etmiş olmuruq. Bəzən hörmət elə həmin qayaya heç nə yazmamaqdır.
Şuşa adi bir şəhər deyil. Onun daşı, qayası, küçəsi, ağacı belə bizim üçün sıradan bir təbiət detalı deyil. Bu şəhər illərlə yaddaşımızda yalnız bir coğrafi məkan kimi deyil, itirilmiş və geri qaytarılmış Vətən kimi yaşadı. Şuşaya qayıdan insanın ilk məsuliyyəti orada öz izini qoymaq yox, orada qalan izləri qorumaqdır.
İnsan bəzən sevdiyi şeyə toxunmaq istəyir. Adını yazmaq, ürək çəkib qoymaq, “mən də burada olmuşam” demək istəyir. Amma tarixi məkanların bir mənası da budur: orada sənin izindən daha qədim və daha böyük bir yaddaş var.
Cıdır düzündəki qayaya “səni sevirəm” yazmaqla sevgini sübut etmirsən. Bir şəhidin adını qayaya həkk etməklə də onun qəhrəmanlığını böyütmürsən. Əksinə, onun adını yüzlərlə başqa şəxsi yazının arasında sıradanlaşdırmaq təhlükəsi yaranır.
Təsəvvür edin, bir qayanın üzərində “Gülşən, səni sevirəm”, başqa yerdə hansısa turistin adı, başqa bir yerdə tarix, başqa bir yerdə şəhidin adı…
Belə bir mənzərədə şəhidin adı abidəyə çevrilmir. Yazıya çevrilir.
Halbuki şəhid adı yazıdan daha böyükdür.
Xudayarın adı onsuz da daşdan əvvəl yaddaşa yazılıb. Onun səsi, “Vətən yaxşıdır”ı, döyüş yolu, şəhidliyi və adı insanların yaddaşında yaşayır. Anasının dediyi kimi, daşdan silmək olar, tarixdən yox.
Burada bir paradoks var.
Biz şəhidlərimizin adını əbədiləşdirmək istəyirik. Amma əbədiləşdirmə ilə “hər yerdə yazmaq” eyni şey deyil.
Əbədiləşdirmək, məsələn , məktəbə adını verməkdir. Küçəyə adını verməkdir. Abidə ucaltmaqdır. Muzeydə, kitabda, tarixdə yaşatmaqdır. Uşaqlara onun kim olduğunu danışmaqdır. Şəhidin ailəsinə ehtiram göstərməkdir. Onun uğrunda can verdiyi Vətəni qorumaqdır.
Əslində, şəhidə ən böyük abidə daş deyil, davranışdır.
Əgər Şuşaya gedib şəhidin adını qayaya yazırıq, amma elə həmin Şuşanın tarixi daşına hörmət etməyi bacarmırıqsa, burada bir ziddiyyət yaranır. Biz şəhidə hörmət etmək istəyərkən Şuşaya hörmətsizlik etmiş oluruq.
Bu, Xudayarın adının əhəmiyyətini azaltmır. Tam əksinə.
Xudayarın adını hər qayanın üstünə yazmağa ehtiyac olmadığı üçün onun adı böyükdür.
Çünki bəzi adları daş daşımalı deyil.
Bəzi adları yaddaş daşıyır. Şəhid anasının qəzəbini də bu kontekstdə anlamaq lazımdır. Şəhid anasının ağrısı adi vətəndaşın ağrısı ilə ölçülə bilməz. Onun övladı torpağa yox, bir xalqın yaddaşına əmanət edilib. Belə bir məsələdə onun emosional reaksiyasını mühakimə etməyə tələsmək düzgün deyil. Üstəlik, son açıqlamasında o, oğlunun adının silinməsinə etiraz etmədiyini açıq şəkildə bildirib.
Amma bu hadisədən cəmiyyət olaraq başqa bir dərs də çıxarmalıyıq.
Şəhid adlarını sosial şəbəkə mübahisələrinin materialına çevirməyək.
Şəhidin anasını da, şəhidin adını da “like”, baxış sayı, paylaşım və tərəf tutmaq yarışına alət etməyək. Bir şəhidin adının ətrafında mübahisə apararkən ən əvvəl özümüzdən soruşaq: biz indi onun xatirəsini qoruyuruq, yoxsa özümüzü göstəririk?
Çünki şəhidin adını qorumağın bir yolu da onun adından istifadə etməməkdir.
Şuşanın qayalarını da qoruyaq.
Çünki o qayalar da tarixdir.
Xudayarın adını isə qəlbimizdə saxlayaq.
Çünki o ad artıq bir qayanın üzərinə sığmayacaq qədər böyükdür.
Şəhidə hörmət onun adını hər daşa yazmaq deyil. Şəhidə hörmət elə bir ölkə yaratmaqdır ki, onun adı daşdan silinsə belə, heç kimin yaddaşından silinməsin.
Elmar












