“İçərişəhər” Qoruğunda ştat sayı azaldıldı - Baş nazirdən QƏRAR

  • Müəllif: Firuzə
  • 08 Sentyabr 2026 19:08

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi azaldılıb.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli qərarı ilə müəyyən edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi 430 nəfərdən 300 nəfərə endirilib.

Bununla yanaşı, idarənin strukturu da yenidən müəyyənləşdirilib.

Yeni struktura aşağıdakılar daxil edilib:

  • “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (departamentlər və şöbələr);
  • Muzey və Turizm Mərkəzi;
  • Ənənəvi İncəsənət Mərkəzi.

Qərarla həmçinin əvvəlki sənədlərə bir sıra digər dəyişikliklər edilib. Belə ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin adından “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılıb.

Bundan başqa, İdarənin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin siyahısında 22-ci və 27-ci hissələr ləğv edilib.

Qərarla idarənin Aparatında vəzifə adlandırılmalarına da dəyişiklik olunub. Belə ki, müvafiq cədvəllərdə “Şöbə” sözü “Departament” sözü ilə, “Sektor” sözü isə “Şöbə” sözü ilə əvəzlənib.

Qərar 8 sentyabr 2026-cı ildə imzalanıb.

Gununsesi.info