Macarıstan Rusiyanın Budapeştdəki diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxarır.
Gununsesi.info xəbər verir ki, Macarıstanın xarici işlər naziri Anita Orban sentyabrın 8-də bildirib ki, Rusiyanın Budapeştdəki səfirinə qərar barədə məlumat verilib.
Nazirin sözlərinə görə, həmin şəxslər Vyana Konvensiyasına əsasən diplomat statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olublar.
Ölkədən çıxarılacaq şəxslərin adları və vəzifələri açıqlanmayıb. Anita Orban qeyd edib ki, qərar Macarıstanın təhlükəsizliyinin və suverenliyinin təmin edilməsi məqsədi daşıyır və Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil.
Qeyd edək ki, Viktor Orbanın hakimiyyəti dövründə Budapeşt Rusiya diplomatlarının ölkədən çıxarılması kimi addımlardan çəkinib. Macarıstan sonuncu dəfə 2018-ci ildə rusiyalı diplomatı ölkədən çıxarıb.
Rusiyanın diplomatik nümayəndəliyinin eyni vaxtda 10 əməkdaşının ölkədən çıxarılması Macarıstan üçün görünməmiş addım hesab olunur. Qərarın konkret səbəbləri isə açıqlanmayıb.
Moskva Macarıstan hakimiyyətinin qərarına hələlik münasibət bildirməyib.












