
Naimi Amiral: “ABŞ Ordusunda yüksək rütbəyə çatmağa hər hansı maneə yoxdur”
“Bakı çox gözəldir. Hər il gələndə inkişaf hiss olunur. Yeni binalar, şəhərin əsrarəngiz görünüşü insanı valeh edir. Hər dəfə Vətənə gələndə Bakı öz yeni görkəmi ilə məni heyran edir”.
Diaspora Jurnalistlər Birliyindən Gununsesi.info-yaverilən məlumata görə, bu haqda Amerikanın dəniz qoşunlarının zabiti, həmyerlimiz Nəimi Əmiral (Jonh Naimi Amiral) azərbaycanlı jurnalistlərlə görüşündə belə deyib. Onun sözlərinə görə, qeyri-amerikalı olmağın ABŞ ordusunda yüksək rütbəyə çatmağa hər hansı maneəçiliyi yoxdur. Yeni vəzifəsinin çətin olmadığını deyən soydaşımız işinin öhdəsindən layiqlə gəldiyini vurğulayıb. O, Virciniya Əyalət Məclisinə keçirilən seçkilərdə iştirakından da danışıb: “2009-cu il seçkilərində Virciniya Əyalət Məclisinə namizəd olarkən, Vaşinqton şəhərinin ən müstəsna yerlərindən biri olan Metropolitan Squarede (Ağ Evin yanında) Amerikada xüsusi diqqət çəkən dəstək mitinqi təşkil etdik. Vaşinqtondakı Azərbaycan və türk diasporundan ibarət nümayişçilər mənə hərtərəfli dəstək verdilər. 2009-cu il noyabrın 9-da seçkilərində Virciniya Əyalət Məclisinə namizədlər sırasında ən uğurlu namizədlərdən idim. Rəqibim seçkiləri az bir fərqlə uddu. Onu Virciniyada daha çox tanıyırlar. Çünki həm orada böyüyüb, həm də həyat yoldaşı oranın baş hakimidir”.
Qeyd edək ki, N.Amiral 20 ilə yaxın xaricdə yaşamasına baxmayaraq, dilimizi, adət-ənənəmizi heç zaman unutmadığını deyib: “Adətən türk zabitləri ilə görüşəndə öz dilimizdə danışıram. Hətta bir dəfə Pentaqonda türk zabiti ilə belə danışanda təəccübdən çantası əlindən düşdü… Mənim övladım həm Azərbaycan, həm də ingilis dilində danışa bilir. Çalışıram ki, türk dünyasının liderlərinə qarşı onda sevgi aşılayım. Xüsusən xaricdəki uşaqlarımızın doğma dilimizi bilməsi çox önəmlidir. Lakin biz bu düşüncədə ikən, Azərbaycanda elə ailələr var ki, uşaqları Azərbaycan dilində danışa bilmirlər. Bu, məni çox narahat edir. Təyyarədə gələndə AZAL-ın işçilərinin bizimlə rusca danışmasına çox təəccübləndik. Maraqlıdır ki, təyyarədə Bakı yəhudiləri də var idi. Onların Azərbaycan dilini unutmamasına sevinməmək olmurdu. Bizimlə Azərbaycan dilində danışır, milli kinolarımıza baxır, milli musiqimizi dinləyirdilər”.
Xatırladaq ki, N.Amiral əslən Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir. O uzun müddət ABŞ-da yaşayıb və Amerikanın dəniz qoşunlarının zabitidir. ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndəsi olan Naimi Amiral ABŞ tarixində ilk azərbaycanlı olaraq Virciniya Əyalət Məclisinə daxil olmağa ən uğurlu namizədlərdən olub. O, bu il ABŞ-ın Rumıniyada istifadəyə verilən Ballistik Raketlərə Qarşı Müdafiə Sistemi hərbi bazasında xarici əlaqələr bürosunun direktoru vəzifəsinə təyin olunub. Hazırda Bakıda səfərdə olan Naimi bir qrup jurnalist və diaspor üzvü ilə görüşüb maraqlı fikir mübadiləsi aparıb.
Gülnaz Qənbərli
Gununsesi.info