
Xarici oyunçuların əsas hədəfi Türkiyədə terror hadisəsini genişləndirməklə, bu ölkənin iqtisadiyyatını zəiflətmək, bu ölkə ilə bağlı çirkin niyyətlərini həyata keçirməkdir.
Bunu Gununsesi.info-ya açıqlamasında Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə İstanbuldakı son terror hadisəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, xarici oyunçular PKK vasitəsi ilə Türkiyə ərazisində silsilə terror hadisələri törətməklə, həm Türkiyənin diqqətini regiondakı proseslərdən yayındırmaqla başını öz daxili proseslərinə yönəltmək, həm də iqtisadiyyatına zərbə vurmaqla onu zəiflətmək niyyəti güdür.
“Belə ki, bu yolla Türkiyə iqtisadiyyatını çökdürmək, investorları Türkiyə iqtisadiyyatına sərmayə qoymaqdan çəkindirmək və turizm axınının qarşısını almaqdır. Və bu yolla xarici oyunçular həm Türkiyədə , həm də bölgədə planlaşdırdıqları çirkin planlarını reallaşdıra bilsinlər”- deyə, İ.Vəlizadə vurğulayıb.
Politoloqun fikrincə, bu yolla xarici oyunçular Türkiyəni bölgədəki geosiyasi və geoiqtisadi proseslərdən uzaq tutmağa və onun rolunu azaltmağa çalışırlar:
“Təsəvvür edin HDP sədri Səlahəddin Demirtaş həbs olunmamışdan öncə Qərbi Türkiyəyə təzyiqlər etməyə çağırırdı. Düzdür, Demirtaş həbs edilsə də, onun xarici havadarları, ilhamvericiləri, terrorçu məsləkdaşları bu prosesi davam etdirir və Türkiyədə insanlığa sığmayan qanlı, acımasız, ağlagəlməz terror hadisələri törədirlər. Onlar bütün vasitələrdən istifadə edib Türkiyəyi diz üstə çökdürmək istəyirlər”.
Politoloq əlavə edib ki, xarici qüvvələr birbaşa olmasa da, dolayısı yolla PKK-ya dəstək verirlər:
“Yəni, xarici qüvvələr PYD-yə silah-sursat verir və bu da son nəticədə PKK-nın əlinə düşür. Bu silahlar da sonda Türkiyədə partlayır”.
Terrorizmə qarşı effektli mübarizənin hansı yollarla aparılmasından danışan politoloq deyib ki, bu mübarizə Türkiyə daxilində olduğu kimi, Suriya və İraq ərazisində də eyni səviyyədə aparılmalıdır.
“Baxmayaraq ki, Türk ordusu və hüquq-mühafizə orqanları ölkə daxilində bu istiqamətdə çox uğurlu əməliyyatlar həyata keçirir. Ancaq Suriya və İraqda bu formada əməliyyatın həyata keçirilə bilməməsi ümumilikdə terrorizmə qarşı aparılan mübarizəni effektsiz edir. Düzdür, Türkiyə bu effekti artırmaq üçün Suriyadakı əməliyyatlar vasitəsi ilə PYD və PKK arasında bir bufer bölgə yaratmağa çalışır. Bu yolla PKK ilə PYD arasında əlaqələri zəiflətməyə cəhd edir. Ancaq İraqda vəziyyət isə bir az fərqlidir”- deyə, o, bildirib.
Türkiyənin İraq ərazisindəki PKK-ya qarşı mübarizə aparmaq üçün Məsud Bərzani rejimindən istifadə etdiyini deyən İ.Vəlizadə bildirib ki, bu məsələdə Ankara Öcalanla Bərzani arasındakı siyasi rəqbiblik faktorundan yararlanır:
“Məhz bunun nəticəsidir ki, Ankara Bərzani rejimi ilə müəyyən ilıq münasibətlər qurmaqla, yəni, PKK-nı neytrallaşdırmaqla, bu terrorçu təşkilata sarsıdıcı zərbə vurmağı planlayır”.
Mürtəza
Gununsesi.info









