
“Azərbaycan prezidenti İlham Əliyevin ölkədə növbədənkənar prezident seçkilərini aprelin 11-nə təyin etməsi 2016-cı ildə Konstitusiyaya edilən dəyişiklərin nəticəsinə uyğun olaraq həyata keçirilib. Belə ki, Konstitusiyaya edilən dəyişikliyə əsasən 2018-ci ildə keçiriləcək prezident seçkilərindən sonra Azərbaycanda prezidentin səlahiyyət müddəti 7 il olacaq. Növbəti prezident seçkiləri 2025-ci ildə parlament seçkiləri ilə təqribən eyni vaxta üst-üstə düşəcək və bu da müəyyən problemlər yarada bilər. Ona görə də Azərbaycan prezidenti növbədənkənar prezident seçkiləri keçirməklə bağlı qərar verməklə bu, problemi aradan qaldırmaq istəyib”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Fazil Mustafa Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı ölkə başçısının sərəncamını şərh edərkən deyib.
Onun sözlərinə görə, növbədənkənar prezident seçkiləri ilə bağlı ilk dəfə millət vəkili Zahid Oruc parlamentdə məsələ qaldırıb və bir sıra deputatlar da ona dəstək verib: “Odur ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi gözlənilən idi və proqnozlar özünü doğrultdu”.
Seçkinin apreldə keçirilməsinin zərurətindən danışan millət vəkili deyib ki, konstitusiyaya edilən dəyişikliyə əsasən növbəti prezident seçkiləri ilə parlament seçkiləri üst-üstə düşdüyündən belə bir addım atılıb: “Çünki bir adamın həm parlament, həm də prezident seçkilərində iştirak etmək niyyəti ola bilər və bu da vaxt darlığından müəyyən problemlər yarada bilər. Hesab edirəm ki, prezident seçkilərinin vaxtının irəli çəkilməsində əsas səbəb budur və hakimiyyət bu yolu seçib. Ölkə başçısı da öz konstitusion hüququndan istifadə edərək belə bir sərəncam imzalayıb”.
F.Mustafa bildirib ki, seçidə iştirak etmək istəyən siyasi qüvvələr və şəxslər çevik qərar verib iştirakla bağlı mövqelərini yaxın günlərdə açıqlayacaqlar.
F.Mustafa sonda onu da əlavə edib ki, YAP növbədənkənar seçkilərlə bağlı öz mövqeyini və bunun hansı zərurətdən irəli gəldiyini açıqlayacaq.
Mürtəza
Gununsesi.info












