
Müxtəlif adamları qəzetində rüsvayedici yazılarla hədələyib onlardan pul almaqda təqsirləndirilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevə 7 il 6 ay həbs cəzası istənilib.
Gununsesi.info xəbər verir ki, fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı bu təkliflə çıxış edib. Prokuror deyib ki, Habil Vəliyevə qarşı ittihamlar – onun adamları hədələməsi, rüşvət alması məhkəmədə sübuta yetirilib.
Martın 13-də keçiriləcək növbəti məhkəmə iclasında baş redaktorun vəkili çıxış edəcək.
Habil Vəliyev 2016-cı ilin dekabrından həbsdədir. Onun işinə xeyli vaxtdır Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Habil Vəliyev məhkəmədə ifadəsində ittihamları qəbul etmədiyini bildirib.
Habil Vəliyevin şantaj edib pul aldığı iddia olunan zərərçəkmişlər sırasında 2007-2013-cü illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı olmuş R.Cəbrayılov da var. O, icra başçısı çalışdığı dövrdə H.Vəliyevin onu şantaj etdiyini, nəticədə 15 min manat göndərməyə məcbur qaldığını söyləyib.
Gülər
Gununsesi.info









